Logo
    Healthleap tibbi riskləri tapan AI üçün 38 milyon dollar investisiya aldı

    Healthleap tibbi riskləri tapan AI üçün 38 milyon dollar investisiya aldı

        “Healthleap” xəstəxanalarda gözdən qaça bilən xəstəlik risklərini aşkarlayan süni intellekt platforması üçün 38 milyon dollar (təxminən 64,6 milyon manat) investisiya alıb. Bunun 8 milyon dolları (təxminən 13,6 milyon manat) “Sequoia Capital” və “First Round Capital” şirkətlərinin rəhbərlik etdiyi ilkin investisiya mərhələsində toplanıb. “Hummingbird Ventures”in rəhbərlik etdiyi A seriyasında isə 30 milyon dollar (təxminən 51 milyon manat) cəlb olunub. Şirkət bazar dəyərini açıqlamayıb.
        “Healthleap” 2022-ci ildə Cənubi Afrikada bacı-qardaş Jemima və Josiah Meyer tərəfindən yaradılıb. Şirkət əvvəlcə dietoloqlar üçün klinik qidalanma proqramı hazırlayırdı. Sonradan platformanın əhatə dairəsi genişləndirilib. İndi sistem qidalanma çatışmazlığı və kəskin şüur qarışıqlığı kimi halların erkən aşkarlanmasına kömək edir. Araşdırmalara görə, xəstəxanada yatan pasiyentlərin 20%-dən 50%-ə qədəri qidalanma çatışmazlığı yaşayır.
        Platforma xəstəxananın elektron tibbi qeyd sisteminə qoşulur. Daha sonra məlumatları mətnləri anlayıb təhlil edən dil modelləri ilə yoxlayır. Sistem iştahasızlıq, çəki və əzələ itkisi, eləcə də udma çətinliyi barədə qeydləri laboratoriya nəticələri və həyati göstəricilərlə birlikdə qiymətləndirir.
        Hər gecə bütün yetkin pasiyentlərin tibbi qeydləri yoxlanılır. Səhər risk göstəricisi və əlavə məlumatlar tibbi heyətin işlədiyi sistemə yazılır. Proqram diaqnoz qoymur. O, sadəcə, daha ətraflı yoxlanmalı pasiyentləri seçir.
        “Healthleap” hazırda 50-dən çox xəstəxanada istifadə olunur. Son 1 ildə tərəfdaş xəstəxanaların sayı 3-dən 50-dən çoxa çatıb, gəlir də 10 dəfədən artıq artıb. Müştərilər sırasında “Penn Medicine”, “Cedars-Sinai”, “Intermountain”, “Houston Methodist” və “Emory Healthcare” var.
        Aspirasiya pnevmoniyası, təzyiq yaraları və ürək çatışmazlığına görə yenidən xəstəxanaya yerləşdirilmə riskini müəyyən edən proqramlar da hazırlanır. Hazırda onlar klinik yoxlamadan keçir.
        Şirkət xəstəxanadakı çarpayı sayına əsaslanan 3 illik müqavilələr bağlayır. Ödəniş məbləği nəticələrə görə də müəyyənləşdirilə bilər. “Healthleap”in iddiasına görə, bütün müştərilər xərclədikləri məbləğin ən azı 5 qatı qədər maliyyə faydası əldə edib. Bəzi hallarda bu göstərici 20 qatı keçib.
        “Hospital of the University of Pennsylvania”da qidalanma proqramının illik maliyyə təsiri 23,8 milyon dollar (təxminən 40,5 milyon manat) olub. Bunun 6,3 milyon dolları (təxminən 10,7 milyon manat) əlavə ödənişlərdən əldə edilib. Xəstələrin daha qısa müddət xəstəxanada qalması isə 17,5 milyon dollar (təxminən 29,8 milyon manat) maliyyə faydası yaradıb.
        “Healthleap” yeni investisiyanı mühəndislik, məhsul hazırlığı, satış və müştəri xidmətlərinə xərcləyəcək. Şirkət platformaya daha çox xəstəlik riskini aşkarlayan funksiyalar əlavə etməyi planlaşdırır. Uzunmüddətli məqsəd 40-dan çox əsas sağlamlıq problemini əhatə etməkdir. Sistem gələcəkdə ambulator müalicə və evdə qulluq sahələrində də işləyə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...