Logo
    HUMXN robot təlimi üçün çəkilişə razılaşanların təmirini ödəyəcək

    HUMXN robot təlimi üçün çəkilişə razılaşanların təmirini ödəyəcək

        “HUMXN” süni intellektlə işləyən robotları öyrətmək üçün ev ustalarının işini qeydə almağa başlayır. Şirkət santexnika, elektrik, isitmə, havalandırma və kondisioner təmiri xərclərini ödəyəcək. Proqrama hava kanallarının və xalçaların pulsuz təmizlənməsi də daxildir. “HUMXN” bu proqramı Minneapolis, Çikaqo və Mayamidə başladır.
        Bunun qarşılığında ev sahibi üzərində çəkiliş qurğusu olan şəxsin görülən işi qeydə almasına razılıq verməlidir. Şirkətin sözlərinə görə, ustaların təbii hərəkətlərini laboratoriyada dəqiq toplamaq çətindir. Evlərdə çəkilən görüntülər müxtəlif avadanlıqlar, nasazlıqlar, ustalar və iş şəraiti haqqında məlumat verəcək. Daha sonra bu materiallardan süni intellekt robotlarının təlimində yararlanılacaq.
        Toplanan məlumat yalnız ustanın əl hərəkətləri ilə məhdudlaşmayacaq. Süni intellekt modelləri nasazlığın necə araşdırıldığını, sistemlərin hansı ardıcıllıqla yoxlanıldığını və düzgün alətin necə seçildiyini öyrənəcək. Ustanın dəyişən şəraitə reaksiyası və işin uğurla başa çatıb-çatmadığını necə yoxlaması da qeydə alınacaq. Məqsəd robotlara fiziki işlərin bütün mərhələlərini göstərməkdir.
        Proqramın şərtlərinə uyğun gələn ev sahibləri xidmət üçün pul ödəməyəcək, ustalar isə gördükləri işin haqqını alacaqlar. Yəni “HUMXN” evdə çəkiliş aparmaq və təlim üçün məlumat toplamaq hüququnun qarşılığında xidmət xərcini ödəyəcək. Şirkət fərqli iqlim şəraitində məlumat toplamaq üçün məhz bu 3 şəhəri seçib. Sakinlər proqrama uyğun olub-olmadıqlarını xüsusi səhifədə yoxlaya bilərlər.
        “HUMXN”-ın təsisçisi Thomas Unise hesab edir ki, internetdəki mətn və şəkillər süni intellekt robotlarını öyrətmək üçün yetərli deyil. Onun sözlərinə görə, milyonlarla ixtisaslı usta hər gün mürəkkəb işlər görür, amma bu biliklərin çox az hissəsi süni intellekt sistemlərinin öyrənə biləcəyi formada saxlanılır. Şirkət həmin təcrübəni ağıllı maşınlar hazırlayan qurumlara çatdırmaq istəyir. Məlumatı yaradan ustaların da bundan pul qazanması planlaşdırılır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...