İranla əlaqəli qruplar Claude ilə hərbi sistemlər hazırlayıb
Süni İntellekt
12.09.2026
“Anthropic” 2026-cı ilin sentyabr təhlükə hesabatını açıqlayıb. Sənədə görə, İranla əlaqəli qruplar “Claude” süni intellekt modelindən ABŞ hərbi gəmiləri barədə kəşfiyyat toplamaq və hədəf seçimi ilə bağlı tövsiyələr hazırlamaq üçün yararlanıb. Husilər də modelin köməyi ilə raket proqramları üzərində işləyib. Aşkarlanan hallar kommersiya süni intellektinin silah hazırlamaq və hərbi əməliyyatları dəstəkləmək üçün işlədilməsi ilə bağlı ciddi riskləri göstərir.
İranla əlaqələndirilən qrup gəmi və təyyarələrin yerini açıq göstərən transponder kodlarını kommersiya peyklərindən çəkilmiş görüntülərlə birləşdirib. Buraya ABŞ donanmasının hərəkətləri barədə məlumatlar da əlavə olunub. Qrup açıq hərbi fotoların izah mətnlərindən ABŞ hərbçilərinin adlarını toplayıb. Bundan başqa, gəmilərdə işlədilən “Cobham Sailor VSAT” peyk rabitəsi terminallarında, “Cisco” avadanlıqlarında və “Schneider Electric EcoStruxure” sistemlərində bilinən təhlükəsizlik boşluqlarını araşdırıb.
Yəmənin şimalında Husilərin nəzarətində olan qrup “Claude Code” ilə 3 silah proqramı üzərində işləyib. Layihələrdən biri uçuşun son mərhələsində hədəfə yönələn, smartfon səviyyəli kompüteri olan idarəolunan raket olub. Digər layihə 2000 kilometrdən çox məsafə qət edən çoxpilləli ballistik raketlə bağlıdır. “R2000” raket ailəsinə hipersəs sürəti ilə süzən aparat variantı da daxil edilib.
Qrup modeldən istiqamətləndirmə, naviqasiya və idarəetmə proqramlarını yazmaq üçün yararlanıb. Açıq mənbəli avtopilot proqramı smartfon səviyyəli uçuş kompüterinə uyğunlaşdırılıb. İdarəetmə və cihazın mövqeyini hesablamaq üçün ayrıca kod da hazırlanıb. Süni intellekt parametrlərin sazlanması, daxili proqramın qurulması və uçuş sınaqlarının kompüterdə canlandırılması işlərinə də qoşulub. Hesabata görə, modelin bir neçə ayrı nüsxəsi kod yazıb, onu yoxlayıb, araşdırma aparıb və sınaqlar keçirib. Beləliklə, onlar birlikdə proqramçı qrupu kimi işləyib.
İranın təhlükəsizlik qurumları ilə əlaqəli başqa bir bölmə 1 il ərzində 155 216 paylaşımı təhlil edib. Nəticədə 6388 müxalif şəxs barədə profil hazırlanıb. Toplanan məlumatlar həmin şəxsləri müəyyənləşdirmək və izləmək üçün işlədilib. Digər qrup ölkə daxilində izləmə alətləri yaradıb. Onlardan biri əsas sosial platformalardakı istifadəçi kimliklərini kütləvi şəkildə toplayan “al-Najm al-thāqib” adlı “Firefox” əlavəsidir. Bu əlavə real şəraitdə də işlədilib.
“Anthropic” İranın yarımhərbi və daxili təhlükəsizlik qurumları ilə əlaqələndirilən 16 “Claude” hesabını bloklayıb. Lakin bloklamanın həmin qurumların işlətdiyi bütün hesabları əhatə edib-etmədiyi bilinmir. Şirkət aşkarladığı məlumatları dövlət orqanları ilə bölüşüb və əlavə aşkarlama üsullarını işə salıb. Hesabatda Çin və Rusiya ilə əlaqəli qrupların da “Claude” süni intellektindən hərbi proqramlarda yararlandığı deyilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...