Meta AI investisiyalarına görə 8 min əməkdaşını işdən çıxarır
Süni İntellekt
21.05.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta şirkəti süni intellekt sahəsinə ayırdığı böyük investisiyaları kompensasiya etmək üçün minlərlə əməkdaşını ixtisar etməyə başlayıb. Şirkət rəhbərliyinin əməkdaşlara göndərdiyi və Business Insider tərəfindən paylaşılan məktubda bildirilir ki, işçi sayının azaldılması “şirkətin daha səmərəli idarə olunması və yeni investisiyaların qarşılanması” məqsədi daşıyır.
Məlumata görə, ixtisarlar təxminən 8 min əməkdaşı əhatə edir. Bu isə Meta-nın ümumi 78 min nəfərlik işçi heyətinin təxminən 10 %-nə bərabərdir. Mart ayında yayılan ilkin məlumatlarda ixtisarların daha böyük, hətta işçi heyətinin 20 %-nə qədərini əhatə edə biləcəyi iddia edilirdi. Bu qərar Meta-nın 2026-cı il üçün rekord səviyyədə investisiya planı ilə eyni dövrə təsadüf edir. Şirkət yanvar ayında açıqlamışdı ki, bu il kapital xərclərini 115–135 milyard dollara çatdırmağı planlaşdırır. Bu vəsait əsasən şirkətin “Meta Superintelligence Labs” adlı süni intellekt təşəbbüslərinə və əsas biznes istiqamətlərinə yönəldiləcək.
Müqayisə üçün qeyd edək ki, Meta 2025-ci ildə bu məqsədlər üçün 72,2 milyard dollar xərcləmişdi. Yəni AI investisiyaları cəmi bir il ərzində demək olar ki, iki dəfə artırılır. Digər tərəfdən, şirkət yalnız ixtisarlarla kifayətlənmir. Məlumata əsasən Meta 7 mindən çox əməkdaşı yeni AI layihələrinə yönləndirir, eyni zamanda açıq olan 6 min vakansiyanı da bağlayır.
Paylaş