Microsoft Copilot-a birbaşa alış funksiyası əlavə etdi
Süni İntellekt
09.01.2026
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Microsoft süni intellekt əsaslı köməkçisi Copilot-u yeni mərhələyə daşıyır. Şirkət NRF 2026 pərakəndə satış konfransında Copilot Checkout adlı yeni funksiyasını təqdim edib. Bu yenilik istifadəçilərə məhsulları artıq ayrıca onlayn mağaza saytlarına keçmədən, birbaşa Copilot interfeysi daxilində almağa imkan verir.
Funksiya hazırda ABŞ-də istifadəyə verilib və Shopify, Stripe, Etsy kimi platformalarla inteqrasiya olunub. Urban Outfitters, Anthropologie və Ashley Furniture kimi brendlər artıq bu sistemin tərəfdaşları sırasındadır.
Microsoft bildirir ki, satıcılar yenə də əsas ticarət tərəfi (merchant of record) olaraq qalır. Yəni müştəri məlumatları və satış prosesi brendlərin öz nəzarətindədir, Copilot isə sadəcə interfeys rolunu oynayır.
Bununla belə, süni intellektin alış prosesində səhv və ya “hallüsinasiyalar” etmə riski ilə bağlı suallar açıq qalır. Məsələn, istifadəçi bir məhsul sifariş etmək istəyərkən, Copilot-un fərqli və uyğun olmayan məhsul alması ehtimalı müzakirə olunur. Engadget bu risklərin necə aradan qaldırıldığı və ödəniş mexanizminin detalları ilə bağlı Microsoft-a sorğu göndərib.
Bu addım AI əsaslı alış-veriş üçün mühüm mərhələ hesab olunur. Qeyd edək ki, OpenAI da bir neçə ay əvvəl oxşar alış funksiyasını test etdiyini açıqlamış, lakin məhsul qiyməti və mövcudluğu ilə bağlı səhvlərin ola biləcəyini vurğulamışdı. Microsoft isə Copilot Checkout-u məhz satıcı saytına keçmədən alış imkanı kimi təqdim edir.
Digər tərəfdən, avtomatlaşdırılmış alış ideyası tamamilə yeni deyil. Təxminən 10 il əvvəl “bir kliklə alış” funksiyaları mövcud idi, sadəcə indi bu proses süni intellektlə idarə olunur.
Paylaş