Logo
    main-post-cover

    Microsoft “Copilot Tasks” adlı yeni AI funksiyasını təqdim etdi

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft “Copilot Tasks” adlı yeni süni intellekt funksiyasını test mərhələsində təqdim edib. Şirkətin bildirdiyinə görə, bu funksiya istifadəçilərin gündəlik və vaxt aparan işlərini arxa planda avtomatik şəkildə yerinə yetirəcək.
        “Copilot Tasks” bulud əsaslı kompüter üzərindən işləyir və istifadəçinin cihazının resurslarını yükləmir. Sistem brauzer və müxtəlif tətbiqlər arasında işləyərək görüşlərin planlaşdırılması, təhsil planının hazırlanması, e-poçtların idarə olunması kimi tapşırıqları icra edə bilir.
        İstifadəçilər ehtiyaclarını adi danışıq dili ilə təsvir edə və tapşırıqları birdəfəlik, planlı və ya təkrarlanan şəkildə təyin edə bilərlər. Tapşırıq tamamlandıqdan sonra sistem hesabat təqdim edir.
        “Copilot Tasks” vasitəsilə istifadəçilər abunəliklərini idarə edib istifadə etmədiklərini ləğv edə, e-poçtdakı məktub, əlavə və şəkilləri təqdimata çevirə, vacib məktubları filtr edib cavab layihəsi hazırlada, hətta ad günü tədbiri planlaşdıra və ya yeni mənzil elanlarını mütəmadi izləyə bilərlər.
        Bu yenilik son aylarda təqdim olunan agent tipli AI həllərinə cavab kimi qiymətləndirilir. Bunlara Anthropic tərəfindən təqdim edilən Claude Cowork, OpenAI-ın ChatGPT Agent Mode-u, Perplexity AI-nın Computer funksiyası və Google tərəfindən təklif olunan Gemini əsaslı “auto-browse” xüsusiyyəti daxildir.
        Microsoft bildirir ki, sistem istifadəçi adından ödəniş etmək və ya mesaj göndərmək kimi vacib əməliyyatları həyata keçirməzdən əvvəl mütləq icazə istəyəcək. Hazırda “Copilot Tasks” məhdud sayda istifadəçi üçün tədqiqat “preview” mərhələsində əlçatandır və qoşulmaq istəyənlər Microsoft-un rəsmi saytında gözləmə siyahısına yazıla bilərlər.
    Paylaş