Logo
    main-post-cover

    Microsoft diaqnozları həkimlərdən 4 dəfə daha dəqiq təyin edən süni zəkanı test edib

    Süni İntellekt
    01.07.2025
    Emil
         Microsoft şirkəti həkimlərə sadəcə yardım etməklə kifayətlənməyən, həm də onları əvəz edə bilən süni zəka əsaslı diaqnostika sistemi hazırlayıb. Bu sistem çətin tibbi hallarla həkimlərdən 4 dəfə daha uğurla mübarizə aparır. Alət Microsoft AI bölməsi tərəfindən, DeepMind şirkətinin həmtəsisçisi Mustafa Suleyman-ın rəhbərliyi altında hazırlanıb və Microsoft AI Diagnostic Orchestrator (MAI-DxO) adlandırılıb. MAI-DxO “məlumat orkestratoru” üsulu ilə işləyir: 5 fərqli sahəyə ixtisaslaşmış süni zəka agentindən ibarət özünəməxsus konsilium yaradır. Bu agentlər bir-biri ilə qarşılıqlı əlaqə qurur, diaqnostik variantları müzakirə edir və birgə qərar qəbul edirlər. Financial Times-ın izahına görə, sistemin imkanlarını yoxlamaq üçün onu yalnız təcrübəli mütəxəssislərin diaqnoz qoya bildiyi New England Journal of Medicine jurnalında təsvir olunmuş 304 ən çətin klinik hal üzərində test ediblər.
         Sınaqlarda “müzakirə zənciri” (chain-of-debate) adlanan yeni üsuldan istifadə olunub. Bu yanaşma alqoritmin düşüncə ardıcıllığını izləməyə və onun məntiqini şəffaf şəkildə anlamağa imkan verir. Əsas kimi OpenAI, Meta, Anthropic, Google, xAI DeepSeek şirkətlərinə məxsus böyük dil modelləri istifadə olunub. Ən yaxşı nəticəni OpenAI şirkətinin o3 modeli göstərib - bu model tibbi tapşırıqların 85.5%-ni düzgün yerinə yetirib. Müqayisə üçün, real həkimlər bu tapşırıqlarda təxminən 20% uğur göstəricisinə malik olublar. Lakin qeyd edilməlidir ki, test zamanı həkimlərin arayış mənbələrinə çıxışı olmayıb və onlar həmkarları ilə məsləhətləşə bilməyiblər - bu isə real şəraitdə onların effektivliyini artırardı. Qeyd olunmağa dəyər digər bir məqam odur ki, süni zəka agentləri diaqnostika zamanı iqtisadi amilləri də nəzərə alıblar - lazımsız testlərin sayını azaldaraq bəzi hallarda nəzəri olaraq 100 minlərlə dollar qənaət edə biliblər.
         Qeyd olunur ki, bu texnologiya yaxın zamanda Microsoft-un Copilot Bing kimi məhsullarına inteqrasiya oluna bilər. Bu platformalar hər gün təxminən 50 milyon sağlamlıqla bağlı sorğunu emal edir. Mustafa Suleyman-ın sözlərinə görə, şirkət ümumilikdə elə süni zəka modelləri yaratmağa yaxınlaşır ki, onlar insanı təkcə bir qədər deyil, sürət, xərc və dəqiqlik baxımından xeyli dərəcədə üstələyəcəklər və bu, əsl irəliləyiş olacaq. O, həmçinin əlavə edib ki, OpenAI modelinin ən yaxşı nəticələr göstərməsinə baxmayaraq, Microsoft istifadə olunan süni zəka modellərinə münasibətdə neytrallığını qoruyur, çünki sistemin əsas komponenti MAI-DxO orkestratoru olaraq qalır. Eyni zamanda, DeepMind-ın keçmiş tibbi bölmə rəhbəri, hazırda isə Microsoft-da çalışan Dominic King bildirib ki, sistem misilsiz səmərəlilik nümayiş etdirir və səhiyyəyə yeni giriş qapısı ola bilər. Lakin o da vurğulayıb ki, bu texnologiya hələ klinik tətbiq üçün tam hazır deyil - o, əlavə işlənməli və real şəraitdə test edilməlidir.
    Paylaş