Logo
    OpenAI daim işləyən Dots süni intellekt köməkçisini təqdim etdi

    OpenAI daim işləyən Dots süni intellekt köməkçisini təqdim etdi

        “OpenAI” 29 sentyabrda San Fransiskoda keçirilən “DevDay 2026” tədbirində “Dots” adlı, daim işləyən süni intellekt köməkçisini təqdim edib. “GPT-6 Astra” modeli ilə işləyən agent tapşırıqları arxa planda, istifadəçinin daimi nəzarəti olmadan yerinə yetirir. O, qoşulduğu xidmətlərdən məlumat toplayır, zamanla istifadəçinin seçimlərini öyrənir və ona uyğunlaşır. “Dots” bir neçə həftə əvvəl çıxan “Meta”nın “Muse” agentinə rəqib sayılır.
    OpenAI daim işləyən Dots süni intellekt köməkçisini təqdim etdi
        Hər “Dot” üçün buludda ayrıca kompüter ayrılır. Agent brauzerə və 4 000-dən çox tətbiqə qoşula bilir. İstifadəçi görülən işləri həmin bulud kompüterinin ekranından izləyə bilər. Tapşırıq davam edərkən agent yenilikləri və sualları mesajla göndərir. “OpenAI”nin məlumatına görə, “Dots” nəticələri istifadəçiyə uyğunlaşdırır, həmçinin istifadəçi istəməzdən əvvəl görülə biləcək yeni işləri müəyyənləşdirir.
        “Dots” ilə “ChatGPT”nin veb, kompüter və mobil versiyalarında yazışmaq və səsli danışmaq olar. Agent “Slack” və “Microsoft Teams”də də işləyir, fərqli cihaz və tətbiqlərdəki əvvəlki söhbətlərin məzmununu yadda saxlayır. Mətn mesajı funksiyası hələ hazırlanır. “Pro” istifadəçiləri “iMessage” və Android cihazlarında RCS mesajları üçün gözləmə siyahısına qoşula bilərlər. Komandalar agentlə “ChatGPT Space” adlı ortaq iş məkanında birlikdə işləyə bilərlər.
        Tədbirdə göstərilən nümunədə agent təqvimə baxaraq istifadəçinin axşam yeməyi vaxtı işləyəcəyini anlayıb. Sonra “Grubhub”da qiymətləri göstərilən 2 seçim tapıb və sifarişin nə vaxt verilməli olduğunu soruşub. Başqa bir nümunədə “Dots” istifadəçiyə yeni saytı açmaqda kömək edib. Proqramçılar agentdən müştəri rəylərinə əsasən yenilik hazırlamaq, onu sınaqdan keçirmək və dəyişiklikləri videoda göstərmək üçün yararlana bilərlər. Kontent müəllifi müsahibədən qısa hissələr və paylaşım mətnləri hazırlaya, alim də yeni məlumat gəldikcə təhlili yenidən başlada bilər.
        “Dots”un hansı hallarda sərbəst işləyə biləcəyini müəyyən edən daxili qaydaları var. İstifadəçi “Custom Rules” bölməsində bəzi əməliyyatları qadağan edə və hansı addımlardan əvvəl icazə alınacağını seçə bilər. Avtomatik yoxlama sistemi hər addımın təhlükəsizlik qaydalarına uyğun olub-olmadığını yoxlayır. Proqram quraşdırmaq və parol dəyişmək kimi həssas işlər üçün açıq razılıq lazımdır. Bu tədbirlər “Muse” agentinin bir istifadəçinin ünvanını icazəsiz olaraq “Facebook Marketplace” alıcısına göndərdiyi iddiasından sonra xüsusilə diqqət çəkir.
        Xidmət 29 sentyabrdan uyğun bazarlardakı “ChatGPT Pro” və “Business Premium” istifadəçiləri üçün açılır. “Pro” paketinin qiyməti aylıq 100 dollar (təxminən 170 manat)-dır. Agenti “ChatGPT” və ya “Codex” daxilindən işə salmaq olar, onunla söhbətlər ümumi istifadə limitindən sayılmır. Gələcəkdə bir neçə agenti eyni vaxtda işlətmək, onların sürətini və aylıq iş həcmini artırmaq olar. Şirkətlərdə xüsusi rollar üçün hazırlanan agentlər də sınaqdan keçirilir. “OpenAI” onları “Microsoft” şirkətinin “Agent 365” təhlükəsizlik sisteminə inteqrasiya edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...