Logo
    OpenAI GIF yaradan, 50% daha sürətli Images 2.6 şəkil modelini təqdim etdi

    OpenAI GIF yaradan, 50% daha sürətli Images 2.6 şəkil modelini təqdim etdi

        OpenAI yeni “Images 2.6” modelini təqdim edib. “ChatGPT”, “Codex” və API artıq yazılı sorğu və ya yüklənmiş şəkil əsasında GIF yarada bilir. İstifadəçi sadə eskizi yükləyib onu daha dolğun, hərəkətli personaja çevirə bilər. Yenilik veb, masaüstü və mobil versiyalarda bütün abunə səviyyələri üçün dünya üzrə açılır.
    OpenAI GIF yaradan, 50% daha sürətli Images 2.6 şəkil modelini təqdim etdi
        Yaradılan GIF-in oynatma sürətini dəyişmək, animasiyanı kadr-kadr izləmək və hər kadrı ayrıca redaktə etmək olur. Hazır animasiyanı başqaları ilə də bölüşmək olar. Funksiya marka personajları, məhsul fotoları, reaksiya GIF-ləri və memlər hazırlamaq üçündür. Həmçinin kobud eskizlərdən animasiyalı kadr planları yaradıb çəkilişdən əvvəl personajın hərəkətlərini yoxlamaq olur.
        “Images 2.6” GIF yaratsa da, süni intellektlə tam video hazırlayan sistem deyil. Model qısa və təkrarlanan animasiyalar, eləcə də hərəkətli kadr planları üçündür. OpenAI-ın sonradan sildiyi paylaşımda yüklənmiş şəkillərin gələcək sorğularda yenidən işlədilmək üçün saxlanıla biləcəyi yazılmışdı. Lakin bu funksiyanın yekun versiyada qalıb-qalmadığı hələ aydın deyil.
        OpenAI-a görə, “Images 2.6” şəkilləri əvvəlki “Images 2.5” modeli ilə müqayisədə 50% daha sürətli yaradır. “ChatGPT” və API ilə həftədə 4 milyarddan çox şəkil hazırlanır. Sentyabrda bu rəqəm 3 milyard idi. Model ardıcıl redaktələr zamanı personajların, məhsulların və marka elementlərinin görünüşünü daha sabit saxlayır.
    OpenAI GIF yaradan, 50% daha sürətli Images 2.6 şəkil modelini təqdim etdi
        Tərtibatçılar API daxilində 2 modeldən birini seçə bilirlər. Sürət üçün hazırlanmış “GPT-Image-2.6 Flare” aşağı keyfiyyət ayarında təxminən 6 saniyəyə şəkil yarada bilir. Model posterləri və məhsul şəkillərini daha səliqəli düzür. “GPT-Image-2.6 Sunburst” orta və yüksək keyfiyyət ayarlarında daha aydın detallar göstərir, redaktələr zamanı nəticəni daha sabit saxlayır.
    OpenAI GIF yaradan, 50% daha sürətli Images 2.6 şəkil modelini təqdim etdi
        API-də şəklin dəyişdiriləcək hissəsini işarələmək, həmçinin sayt, tətbiq və çap üçün SVG faylı hazırlamaq olur. Beləliklə, təsvirin qalan hissəsinə toxunmadan yalnız seçilmiş sahəni redaktə etmək olar. Yeni mürəkkəblik ayarı modelin şəkli yaratmazdan əvvəl nə qədər planlama aparacağını müəyyən edir. Aşağı ayarlar kiçik düzəlişlər üçün daha uyğundur.
        OpenAI ilin əvvəlində az istifadə olunan “Sora” video yaratma tətbiqini dayandırıb. Tətbiqin şirkətə gündə təxminən 1 milyon dollar (1,7 milyon manat) zərər verdiyi deyilirdi. Daha sonra şirkət əsas diqqətini sabit şəkillərə yönəldib. “Images 2.6” isə hərəkətli görüntülərə qismən dönüş sayılır. Bundan əvvəl “ChatGPT”də interaktiv vizual interfeyslər yaratmaq üçün “Intelligent UI” funksiyası da açılmışdı.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...