Logo
    main-post-cover

    OpenAI tərkibində süni intellektin istifadəçi psxologiyasına təsiri üzrə xüsusi şura yaradılıb

         Süni intellekt əsaslı çat-botların, o cümlədən ChatGPT-nin müəyyən hallarda psixoloji cəhətdən həssas istifadəçilərə mənəvi zərər vura bilməsi məlum olduqdan sonra, OpenAI öz xidmətlərinin təhlükəsizliyini artırmaq məsələsini ciddi şəkildə gündəmə gətirdi. Şirkət daxilində 8 ekspertin daxil olduğu “Rifah və İntellekt üzrə Şura (Council on Wellbeing and AI)” fəaliyyətə başlayıb. Onlardan biri - David Bickham, Boston Uşaq Xəstəxanasında tədqiqatlar direktoru və sosial şəbəkələrin insanların psixi sağlamlığına təsiri üzrə mütəxəssisdir. O, araşdırmalarında qeyd edir ki, müasir uşaqlar artıq virtual personajlardan öyrənir və onlarla “parasosial münasibətlər” - yəni birtərəfli əlaqələr qururlar. Əgər müasir süni intellekt müəyyən mənada müəllimləri əvəz edəcəksə, bu halda uşaqların çat-botlarla necə ünsiyyət qurduqları sualı ortaya çıxır.
         Yeni strukturun tərkibinə həmçinin Mathilde Cerioli - qeyri-kommersiya təşkilatı Everyone.AI-ın baş elmi əməkdaşı daxil olub. Onun elmi fəaliyyətinin əsas istiqaməti süni intellektin uşaqların zehni və emosional inkişafına təsiridir. Cerioli vurğulayır ki, uşaqları “kiçik yetkinlər” kimi qəbul etmək səhvdir - onların beyni və süni intellektdən aldıqları təsir tam fərqlidir. O, son tədqiqatlarından birində yazır ki, süni intellektlə böyüyən uşaqlar ziddiyyətli vəziyyətlərlə mübarizə aparmaqda çətinlik çəkə bilərlər. Bunun səbəbi odur ki, inkişafın erkən mərhələsində, beyin sinapsları çox çevik olduqları dövrdə, onlar daim istifadəçiyə və xarici amillərə uyğunlaşan varlıqlarla sosial ünsiyyət qururlar. Şuranın digər üzvlərindən biri - Corciya Texnologiya İnstitutunun professoru Munmun De Choudhury-dur. Onun ixtisas sahəsi “onlayn texnologiyaların psixi sağlamlığın formalaşmasında və yaxşılaşdırılmasında rolunun genişləndirilməsinə yönəlmiş riyazi alqoritmlərin hazırlanması və tədqiqi”dir.
         2023-cü ildə o, böyük dil modellərinin insanın psixi sağlamlığına təsiri baxımından fayda və zərər balansını müəyyənləşdirməyə çalışan bir araşdırma aparıb. Professor Choudhury qeyd edib ki, tibbi xidmətlər göstərən çat-botlar insanların özlərinə zərər meyillərini yalnız halların yarısında müəyyən edə biliblər və bu proses “proqnozlaşdırıla bilməyən” və “parçalı şəkildə” baş verib. Bununla belə, o, vəziyyəti dramatikləşdirməməyə çağırır və vurğulayır ki, bəzi insanlar üçün bu cür sistemlərlə birtərəfli, parasosial əlaqəyə sahib olmaq tamamilə əlaqəsiz qalmaqdan daha yaxşıdır. Psixologiya professoru və Arcade Therapeutics şirkətinin həmtəsisçisi Tracy Dennis-Tiwary, şuranın digər üzvü, daha əvvəl bildirib ki, kliniki hallara aid olmayan əksər vəziyyətlərdə süni intellektlə uzunmüddətli dialoqların təhlükəsini təsvir edən “AI-psixoz” terminini faydasız hesab edir.
         O, hesab edir ki, süni intellekt insan rifahının əsasını təşkil edən sosial əlaqələri dəstəkləməlidir: süni intellekt insanlara kömək edə bilər, lakin psixoloji cəhətdən zəif və qeyri-sabit şəxslərə məhdudiyyətsiz çıxış vermək düzgün deyil. Stenford Universiteti nəzdində fəaliyyət göstərən Clinic for Digital Mental Health-in təsisçisi Sara Johansen isə süni intellekt əsaslı “dost-botlara” qarşı daha nikbin yanaşır. Onun fikrincə, süni intellekt köməkçilərinin hazırlanması zamanı sosial şəbəkələrin insan sağlamlığına təsiri ilə bağlı əldə olunan təcrübə nəzərə alınmalıdır. “Süni intellekt psixi sağlamlığın dəstəklənməsi üçün böyük potensiala malikdir və eyni zamanda məxfilik, etimad və keyfiyyətlə bağlı yeni suallar doğurur” - deyə o bildirir.
         Northwestern Universiteti nəzdindəki Behavioral Intervention Technologies Center-in direktoru David Mohr isə əvvəllər yeni texnologiyaların depressiyanın qarşısının alınması və müalicəsində necə faydalı ola biləcəyini tədqiq edib. 2017-ci ildə o, psixoterapevtə müraciət edə bilməyən insanlar üçün tətbiqlərin potensialını vurğulayıb, lakin ötən il xatırladıb ki, süni intellekt heç vaxt mütəxəssisin tam əvəzləyicisi ola bilməz, çünki nəzarətdən çıxa bilər. İnsan davranışı və texnologiyalar sahəsində professor olan Andrew K. Przybylski 2023-cü ildə internetə çıxışın psixi sağlamlığa mənfi təsir göstərdiyi fikrini təkzib edən bir tədqiqatın həmmüəllifi olub.
         O bu araşdırmada əldə etdiyi nəticələri süni intellektin insanlara təsirinin öyrənilməsində tətbiq edə bilər. Şuranın 8-ci üzvü kimi Robert K. Ross qeyd olunur - o, ictimai səhiyyə sahəsində mütəxəssisdir və daha əvvəl OpenAI tərəfindən məsləhətçi kimi cəlb olunub. Yeni strukturun əsas məqsədi şirkətdə yaranmış böhranı aradan qaldırmaqda və ChatGPT ilə Sora sistemlərinin təhlükəsizliyini sübut etməkdə kömək etməkdir, çünki bu məhsullar hazırda çoxlu arzuolunmaz diqqət cəlb edir. OpenAI bildirib ki, şirkət bundan sonra da həkimlər, siyasətçilər və digər beynəlxalq ekspertlərlə məsləhətləşmələri davam etdirəcək və insanların rifahını dəstəkləməyə yönəlmiş qabaqcıl süni intellekt sistemlərinin hazırlanmasında onların fikirlərini nəzərə alacaq.
    Paylaş