Logo
    Prime Video dublyajı dodaq hərəkətlərinə uyğunlaşdıran AI əlavə edib

    Prime Video dublyajı dodaq hərəkətlərinə uyğunlaşdıran AI əlavə edib

        “Amazon” “Prime Video” platformasında dublyaj səsini aktyorların dodaq hərəkətləri ilə uyğunlaşdıran yeni süni intellekt (AI) funksiyasını istifadəyə verib. Yenilik hələlik yalnız Almaniya istehsalı olan “Maxton Hall” serialının ingilis dilində dublyajında işləyir. Şirkət gələcəkdə bu funksiyanı başqa film və seriallara da əlavə etməyi planlaşdırır.
        Yeni sistem süni intellektlə vizual effekt texnologiyalarını birləşdirir. Məqsəd aktyorun ekrandakı ağız hərəkətlərini tərcümə olunmuş və insan tərəfindən səsləndirilmiş dialoqa uyğunlaşdırmaqdır. Bununla da dublyaj zamanı səs və görüntü arasındakı uyğunsuzluq daha az nəzərə çarpır. Funksiya avtomatik dublyaj yaratmır. O, əvvəlcədən hazırlanmış insan səsləndirməsini görüntüyə uyğunlaşdırır.
        “Prime Video” ötən il süni intellekt dəstəkli dublyajı ingilis və ispan dillərində 12 film və serialda sınaqdan keçirib. Sınaqda “El Cid: La Leyenda”, “Mi Mamá Lora” və “Long Lost” kimi ekran işləri yer alıb. Yeni dodaq sinxronlaşdırma funksiyası isə dünya üzrə abunəçilər üçün “Maxton Hall” serialının ilk 2 mövsümündə əlçatandır.
        “Maxton Hall” serialının 3-cü mövsümü 9 dekabrda yayımlananda funksiya həmin mövsümdə də işləyəcək. “Amazon” daha sonra bu imkanı başqa ekran işlərinə də əlavə edəcəyini bildirib. Lakin şirkət konkret ad və tarix açıqlamayıb. “Meta” və “YouTube” da oxşar texnologiyadan yararlanır. Bu platformaların avtomatik dublyaj alətlərində danışanın seçilmiş dildə danışdığı təəssüratını yaradan dodaq sinxronlaşdırma seçimi var.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...