Logo
    main-post-cover

    Sam Altman: "Gələn il süni zəka agentləri yeni bilikləri formalaşdıracaqlar"

    Süni İntellekt
    04.06.2025
    Emil
         OpenAI-nin baş direktoru Sam Altman bildirib ki, süni zəka ilə qarşılıqlı əlaqə getdikcə bir qrup təcrübəçi ilə işləməyə bənzəməyə başlayır. İstifadəçilər tapşırıqları ötürür, nəticələri yoxlayır və rəy bildirirlər. Onun sözlərinə görə, artıq gələn ildən etibarən bir sıra sahələrdə avtomatlaşdırmadan kənara çıxaraq tədqiqat və biznes işlərində real kömək göstərə biləcək süni zəka agentləri meydana çıxacaq. Snowflake Summit 2025 konfransında Snowflake Computing-in rəhbəri Sridhar Ramaswamy ilə söhbəti zamanı Altman qeyd edib ki, bir çox mütəxəssisin işi artıq müxtəlif süni zəka agentləri arasında tapşırıqları bölüşdürmək, keyfiyyətə nəzarət etmək, nəticələri uyğunlaşdırmaq və rəy verməkdən ibarətdir.
         Bu isə təcrübəsiz və ya yeni başlayan əməkdaşlardan ibarət bir komanda ilə işləməyə çox bənzəyir. “Düşünürəm ki, artıq gələn il, heç olmasa bəzi ixtisaslaşmış sahələrdə bizə yeni biliklərin axtarışında və ya kifayət qədər çətin biznes tapşırıqlarının həllində kömək edə biləcək süni zəka agentlərini görəcəyik” - deyə Altman əlavə edib. Snowflake sammitində əsas müzakirə mövzusu şirkətlərin süni zəkadan necə sürətli şəkildə fayda əldə edə biləcəyi olub. Eyni zamanda tədbir süni zəkanın artıq insanları iş yerlərindən sıxışdırıb çıxarmağa başladığını göstərən yeni məlumatlar fonunda keçirilib.
         SignalFire adlı vençur şirkətinin məlumatına görə, iri İT şirkətlərində yeni məzunların işə qəbulu pandemiyadan əvvəlki dövrlə müqayisədə 50% azalıb və bu, qismən süni zəkanın tətbiqi ilə izah olunur. Təşkilatlar indi daha təcrübəli peşəkarları işə götürməyə üstünlük verir və tez-tez kiçik vəzifələri belə böyük iş təcrübəsi olan şəxslərlə doldururlar. İşəgötürmə üzrə mütəxəssislərin sözlərinə görə, süni zəka artıq əvvəllər təcrübəçilərin və yeni məzunların gördüyü işləri yerinə yetirir.
    Paylaş