
Sam Altman internetin süni olmasından şikayətlənib
Süni İntellekt
09.09.2025
Emil
Bu gün artıq sosial şəbəkələrdəki paylaşımların həqiqətən insanlar tərəfindən, yoxsa süni intellekt əsaslı çat-botlar tərəfindən yazıldığını müəyyənləşdirmək mümkün deyil. Bu barədə OpenAI şirkətinin rəhbəri Sam Altman sosial şəbəkə X-də bildirib. Altman buna diqqət yetirib, çünki o, Reddit platformasında süni intellekt vasitəsilə proqramlaşdırma kodu yazmaq üçün istifadə olunan servislərə - Anthropic Claude Code və OpenAI Codex-ə aid paylaşımları izləyib. İstifadəçilər icma daxilində Claude Code-dan Codex-ə keçidləri ilə bağlı o qədər çox mövzu açıblar ki, Altman həmin paylaşımların nə qədərinin real insanlar tərəfindən yazıldığını düşünməyə başlayıb. O, insan tərəfindən və süni intellekt tərəfindən yazılmış postları bir-birindən ayırmağın getdikcə çətinləşməsinə səbəb olan bir neçə tendensiyanı qeyd edib.

İnsanlar özləri də getdikcə daha çox süni intellektin dil üslubunu kopyalamağa başlayırlar və nəticədə aralarındakı sərhəd hər iki istiqamətdə bulanıqlaşır. İnternetdə həddindən artıq çox vaxt keçirən (Extremely Online) bloqçular və həvəskarlar sosial şəbəkələrin alqoritmlərinin təsiri ilə oxşar materialları eyni vaxtda dərc edərək birlikdə hərəkət etməyə başlayıblar. Bu hal, məsələn, standart trend dövrlərində özünü göstərir: əvvəlcə yeni məhsullar böyük coşqu ilə qarşılanır, lakin qısa müddət sonra eyni dərəcədə yekdil tənqidə məruz qalır, həmçinin sosial şəbəkələrdəki əksər müəlliflərin monetizasiya uğrunda dərc etdikləri eksentrik paylaşımlarda da görünür, çünki belə postlarda səmimilik getdikcə daha az hiss olunur. Usta əllərdə bütün bu mexanizmlər “astroturfing”ə - yəni hər hansı bir fikrə ictimai dəstəyin imitasiya edilməsinə çevrilir və OpenAI rəqiblərinin yaratdıqları bu effekti öz üzərində yaşamalı oldum - deyə cənab Altman qeyd edib.

Şirkət rəhbərinin sözlərinə görə, bunun təzahürlərindən biri də flaqman böyük dil modeli GPT-5-in o qədər də uğurlu olmayan buraxılışı ətrafında yaranmış səs-küy olub. Onun çıxışından az sonra Altman Reddit-də sual-cavab sessiyası keçirib və bəzi problemlərin mövcudluğunu etiraf etsə də, əvvəlki etimad səviyyəsini bərpa edə bilməyib. “Nəticədə elə bir təəssürat yaranır ki, süni intellekt-Twitter və süni intellekt-Reddit artıq qeyri-təbii hala gəlib, halbuki 1-2 il əvvəl belə deyildi” - deyə OpenAI rəhbəri şikayətlənib. Reddit-də süni intellekt tərəfindən yazılmış paylaşımların payını dəqiq müəyyənləşdirmək həqiqətən çətindir, lakin o, əhəmiyyətli ola bilər: kibertəhlükəsizlik məsələlərində ixtisaslaşan Imperva şirkətinin 2024-cü ildə apardığı araşdırmaya görə, bütün internet trafikinin yarıdan çoxunu insan deyil, əsasən süni intellekt modelləri yaradıblar. Versiyalardan birinə görə, Altman bu məsələyə məhz ona görə diqqət yetirib ki, OpenAI öz sosial şəbəkəsini hazırlayır. Lakin böyük ehtimalla həmin platformada da süni intellekt botlarının kütləvi şəkildə meydana çıxmayacağına zəmanət vermək mümkün olmayacaq.
Paylaş