
Süni intellekt balonu 2008-ci ildəki daşınmaz əmlak balonundan 4 dəfə böyükdür
Süni İntellekt
06.10.2025
Emil
MarketWatch saytında dərc olunmuş və Julien Garran tərəfindən yazılmış Macrostrategy Partnership tədqiqat şirkətinin materialında qeyd olunur ki, süni intellekt son onilliklərin ən böyük balonudur. Ekspertin hesablamalarına görə, süni intellekt balonu dotkom dövrünün balonundan 17 dəfə, 2008-ci il qlobal iqtisadi böhranına səbəb olan daşınmaz əmlak bazarındakı balondan isə 4 dəfə daha böyükdür. Mütəxəssisin fikrincə, süni intellekt texnologiyalarının hazırlanmasına və tətbiqinə investisiya qoyan şirkətlərin xərcləri durmadan artır, halbuki bu texnologiyaların genişlənmə həddi artıq çatıb.

Misal olaraq GPT-5 göstərilir - onun yaradılması və saxlanması xərcləri əvvəlki versiya GPT-4 ilə müqayisədə bir neçə dəfə çox olub, lakin imkanlarında nəzərəçarpacaq inkişaf və ya genişlənmə müşahidə edilməyib. Analitik xəbərdarlıq edir ki, süni intellekt balonu partlayarsa, bu, iqtisadiyyata mənfi təsir göstərəcək və nəticələri ağır ola bilər. Onun fikrincə, bu vəziyyət ABŞ hakimiyyətindən xüsusi qərarlar qəbul etməyi tələb edəcək. 2008-ci ildə oxşar hadisələrin yaratdıqları təsirləri nəzərə alsaq, dünya iqtisadiyyatını növbəti böhran gözləyə bilər. Qeyd olunur ki, Julien Garran süni intellekt texnologiyalarının geniş şəkildə tətbiqinə qarşı çıxır və çalışdığı şirkətin müştərilərinə süni intellekt məhsullarına çoxlu vəsait yatırmamağı və ya ümumiyyətlə bu ideyadan imtina etməyi tövsiyə edir.
Paylaş