Logo
    Xeal 100 min Nvidia çipi ilə şarj məntəqələrində AI şəbəkəsi qurmaq istəyir

    Xeal 100 min Nvidia çipi ilə şarj məntəqələrində AI şəbəkəsi qurmaq istəyir

        Elektrikli avtomobillər üçün şarj şəbəkəsi quran “Xeal” ABŞ üzrə məntəqələrində süni intellekt hesablamaları aparan paylanmış şəbəkə yaratmaq istəyir. Bunun üçün 100 000-dən çox “Nvidia” qrafik prosessorunun (GPU) quraşdırılması planlaşdırılır. Avadanlıq şarj məntəqələrində boş qalan elektrik gücü ilə işləyəcək. İlk “Latient Pod” qurğusu bu ilin sonunadək işə düşməlidir. “Xeal”ın iddiasına görə, bu, boş şarj gücü üzərində qurulan dünyada ilk belə şəbəkə olacaq.
        “Xeal”ın hazırda ABŞ-də 1600-dən çox məntəqəsi var və şirkət icazələri alınaraq quraşdırılmış 200 MVt elektrik infrastrukturuna sahibdir. Bu məntəqələr adətən icazə verilən gücün 10 faizindən də azını işlədir. Şirkət boş qalan elektrik gücü ilə süni intellekt modellərinə göndərilən sorğuları emal etməyi düşünür. Beləliklə, yeni məlumat mərkəzi tikməyə ehtiyac qalmayacaq. Şəhərin müxtəlif nöqtələrindəki qurğular vahid şəbəkə kimi işləyəcək.
        Hər “Latient Pod” qurğusuna 48-dək “Nvidia Hopper” və ya “Nvidia Blackwell Ultra” GPU yerləşdirmək olar. Qurğunun ayrıca soyutma sistemi var və onu su xəttinə qoşmaq lazım deyil. Səs səviyyəsi 65 dB-ni keçməyəcək ki, bu da paltaryuyan maşının səsinə yaxındır. NEMA 4 standartlı qoruyucu gövdə açıq havada işləmək üçündür. Quraşdırma və işə salma bir neçə saat çəkə bilər.
        Şirkətin “Metro Edge” adlandırdığı sistemdə qurğular şəhər daxilində istifadəçilərə yaxın quraşdırılacaq. “Xeal”a görə, məlumatın ötürülməsində gecikmə 20 millisaniyədən az olacaq. Bu da uzaqdakı məlumat mərkəzləri ilə müqayisədə sorğulara daha tez cavab verilməsi deməkdir. Məntəqə sahibi sabit icarə haqqı və əlavə gəlir qazana bilər, elektrik pulunu isə “Xeal” ödəyəcək. Şirkətin iddiasına görə, qurğu az sərmayə ilə obyektin dəyərini 1 milyon dollara (təxminən 1,7 milyon manat) qədər artıra bilər.
        Hazırkı məntəqələrin hər birində yalnız 1 qurğu quraşdırılsa, GPU sayı elan olunan hədəfə çatmayacaq. Buna görə bəzi ünvanlarda bir neçə qurğu qoyulmalı və ya şəbəkə təxminən 2100 məntəqəyədək böyüməlidir. İçində 48 “Blackwell” GPU olan 1 qurğunun qiyməti yüksək ola bilər. 2024-cü ilin qiymətləri ilə belə bir qurğunun dəyəri 2 milyon dolları (təxminən 3,4 milyon manat) keçə bilər. Şarj kabellərinin misə görə oğurlanması hallarını nəzərə alsaq, bahalı avadanlığın qorunması da ciddi məsələ olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...