20 universitet “Microsoft”un rəqəmsal həlləri ilə təmin olunacaq
Tech-Azərbaycan
03.06.2026
Farid
Elm və Təhsil Nazirliyi ilə “Microsoft” arasında əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələrində vahid rəqəmsal ekosistemin formalaşdırılması davam edir. Layihə universitetlərin müəllim, tələbə və inzibati heyətinin rəqəmsal alətlərə çıxış imkanlarını genişləndirməyi hədəfləyir.
Technote.az xəbər verir ki, mərkəzləşdirilmiş yanaşma çərçivəsində ümumilikdə 20 ali təhsil müəssisəsinin lisenziyalı “Microsoft” alətləri ilə təmin olunması nəzərdə tutulur. Qoşulma prosesi mərhələli şəkildə həyata keçirilir.
Hazırda 10 ali təhsil müəssisəsində bütün texniki və təşkilati işlər tamamlanıb. Bu universitetlərdə “Microsoft” həlləri artıq istifadəyə verilib.
Platformada təqdim olunan süni intellekt əsaslı “Copilot” aləti müəllimlərə dərs planlarının hazırlanması, tədris materiallarının yaradılması və qiymətləndirmə proseslərində dəstək verir. Alət akademik fəaliyyətlərin daha səmərəli təşkilinə imkan yaradır.
Layihə ali təhsil sistemində rəqəmsal transformasiyanın sürətləndirilməsi və innovativ texnologiyaların tədris mühitinə inteqrasiyasına yönəlib. Eyni zamanda, proqram rəqəmsal bacarıqlara malik insan kapitalının inkişafını dəstəkləyir.
Paylaş