Azercell “Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb
Tech-Azərbaycan
20.08.2026
Sevinj
Azercell insan kapitalının inkişafı və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi layihələrlə “2026 Brandon Hall Group HCM Excellence Awards”da üç mükafat qazanıb. İnsan kapitalının idarəedilməsi sahəsində qabaqcıl proqram və həllərin qiymətləndirildiyi beynəlxalq müsabiqədə şirkətin “İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası” layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı “Liderlik bacarıqlarının inkişafı proqramı” gümüş, “AI Bootcamp” layihəsi isə bürünc mükafata layiq görülüb.
“İnsan kapitalına investisiya şirkətimizin uzunmüddətli inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır”, – deyə Azercell-in İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd edib.
Azercell şirkət miqyasında RPA və süni intellekt həllərinin tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını davam etdirir. Bu transformasiya insan kapitalının idarəedilməsini də əhatə edir. SAP SuccessFactors platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının 80–90%-i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin səmərəliliyini artırır və məlumat əsaslı qərarvermə imkanlarını genişləndirir.
Azercell əməkdaşlarının davamlı inkişafına və liderlik bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. IE Business School ilə birgə hazırlanan “Liderlik bacarıqlarının inkişafı proqramı” şirkət əməkdaşlarında özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji bacarıqlarına yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır. Azercell-in dəstəyi ilə həyata keçirilən “AI Bootcamp” ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək və AI texnologiyalarının real tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Layihə ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət edib.
Qeyd edək ki, müsabiqəyə təqdim olunan layihələr müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes ehtiyaclarına uyğunluq, proqramların hazırlanması və tətbiqi, innovativ yanaşma və ölçülə bilən nəticələr kimi meyarlar əsasında qiymətləndirilir. Azercell-in əldə etdiyi nəticə şirkətin texnoloji transformasiya və insan kapitalının inkişafına verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini əks etdirir.
Paylaş
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...