Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Tech-Azərbaycan
30.07.2026
Sevinj
Azercell-in baş dəstəkçisi olduğu Uşaq Paralimpiya Hərəkatının yeniyetmə və gənc idmançıları 2026-cı ilin ilk yarısında beynəlxalq arenada uğurlu çıxışlarını davam etdiriblər. Bu dövrdə gənc paralimpiyaçılar beynəlxalq turnirlərdə 9 qızıl, 12 gümüş və 13 bürünc olmaqla ümumilikdə 34 medal qazanıblar.
Fərdi nailiyyətlər arasında 17 yaşlı parakarateçi Aysel Əhmədlinin WSF versiyası üzrə Şotokan Dünya Çempionatında qızıl medal əldə etməsi və 14 yaşlı parabadmintonçu Zəhra Salmanlının debüt etdiyi Dünya Çempionatında ən gənc iştirakçı kimi ilk qələbəsini qazanması xüsusi diqqət çəkib. Yeniyetmə paraüzgüçü Əli Vəliyev isə Dünya Seriyası da daxil olmaqla beynəlxalq yarışlarda qazandığı 6 medalla ilin ilk yarısının ən uğurlu gənc idmançılarından biri olub.
Hesabat dövrünün əsas hadisələrindən biri də Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatının keçirilməsi olub. Yarışda 30-a yaxın yeniyetmə və gənc idmançı 9 müxtəlif kateqoriya üzrə bacarıqlarını nümayiş etdirib.
“Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatının baş dəstəkçisidir. Şirkətin davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib, yüzlərlə uşaq müntəzəm şəkildə idmanla məşğul olmaq imkanı qazanıb. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafına töhfə verməklə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, özünəinamının və motivasiyasının artmasına, eləcə də sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.
Paylaş
