İRİA və Mastercard kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayıb
Tech-Azərbaycan
08.05.2026
Farid
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Mastercard arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq qabaqcıl kibertəhlükəsizlik texnologiyalarının tətbiqini və kiberdayanıqlılığın gücləndirilməsini əhatə edir.
Technote.az xəbər verir ki, tərəflər kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı və innovasiyanın dəstəklənməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Memorandum çərçivəsində təlim, mentorluq və liderlik proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində startapların inkişafına dəstək mexanizmləri də yaradılacaq. Buraya akselerasiya proqramları, maliyyə resurslarına çıxış və beynəlxalq investor şəbəkələri ilə əlaqələrin qurulması daxildir.
Tərəflər regional liderlik və ölkələrarası əməkdaşlıq proqramı da həyata keçirəcəklər. Proqram informasiya təhlükəsizliyi sahəsində təcrübə mübadiləsini və beynəlxalq əməkdaşlığı genişləndirməyə yönələcək.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov əməkdaşlıqda kibertəhlükəsizlik, innovasiya və rəqəmsallaşmanın əsas istiqamətlərdən biri olacağını bildirib. “Mastercard”ın xidmətlər üzrə baş direktoru Kreyq Vosburq isə Azərbaycanın rəqəmsal transformasiya sahəsində böyük potensiala malik olduğunu vurğulayıb.
Paylaş