Logo
    main-post-cover

    Kamboca “ASAN xidmət” modelini tətbiq etməyə hazırlaşır

        Kamboca Krallığının poçt və telekommunikasiyalar naziri Vandet Çeanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər 2025-ci ilin dekabrında imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində baş tutub.
        Technote.az xəbər verir ki, səfərin əsas məqsədi “ASAN xidmət” modelinin fəaliyyəti ilə yerində tanış olmaq və bu təcrübənin Kambocada tətbiqini müzakirə etmək olub. Nümayəndə heyəti bu məqsədlə “ASAN xidmət” mərkəzini ziyarət edib.
        Görüş zamanı bildirilib ki, Azərbaycanın “ASAN xidmət” intellektual brendi 30-dan çox ölkəyə ixrac olunub. Qonaqlara vətəndaş məmnuniyyətinə əsaslanan xidmət modeli və dövlət xidmətlərində tətbiq edilən innovativ həllər təqdim edilib.
        Kambocanın poçt və telekommunikasiyalar naziri “ASAN xidmət” təcrübəsini yüksək qiymətləndirdiyini bildirib. O, bu modelin ölkəsində qısa müddətdə tətbiqi üçün zəruri addımların atılacağını qeyd edib.
        Səfər çərçivəsində nümayəndə heyətinə data əsaslı qərar qəbuletmə mexanizmləri və dövlət xidmətlərinin dizaynı ilə bağlı təqdimatlar keçirilib. Qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı”, Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi və ASAN TV/Radionun fəaliyyəti ilə tanış olublar.
    Paylaş