ABŞ bulud xidmətləri şirkəti Megaspeed-i qara siyahıya salıb
Tech-Biznes
24.11.2026
ABŞ-nin Ticarət Nazirliyi 24 noyabrda Sinqapurun bulud xidmətləri şirkəti “Megaspeed”i milli təhlükəsizlik risklərinə görə ticarət üzrə qara siyahıya salıb. Qadağa şirkətin Malayziya və Taylanddakı bağlı qurumlarına da aiddir. Bundan sonra “Nvidia” da daxil olmaqla heç bir ABŞ şirkəti federal hökumətdən icazə almadan onlara süni intellekt çipləri və digər texnologiyalar sata bilməz.
Qərar Jensen Huangın “Nvidia”nın baş direktoru və prezidenti vəzifələrinə qayıtmasından 1 gün sonra açıqlanıb. Bazar ertəsi şirkətin idarə heyəti Huangın geri qayıtmasına yekdilliklə razılıq verdiyini açıqlayıb. Halbuki bir neçə gün əvvəl idarə heyətinin sədri Harvey Jones Huangı vəzifələrinə qaytarmaq fikrində olmadıqlarını demişdi. ABŞ Prezidenti Donald Trump səsvermənin keçirildiyi iclasa telefonla qoşulub. O, sonradan idarə heyətini razı saldığını təsdiqləyib.
Jensen Huang nikahdankənar münasibətləri barədə xəbərlər yayılandan sonra 12 noyabrda istefa vermişdi. Xəbərlərdən birində onun “Megaspeed”in keçmiş rəhbərlərindən Alice Huangla münasibətindən söz açılırdı. ABŞ rəsmiləri Alice Huangın Çin kəşfiyyatı ilə əlaqəsi olduğundan şübhələniblər, Çin isə bu iddianı rədd edib. Jensen Huangla qohumluğu olmayan Alice Huang 2023-cü ildə “Megaspeed”də şirkətə nəzarət etməyə yetən pay alıb. O, 2025-ci ilin avqustunda şirkətdən ayrılıb.
ABŞ-nin Ticarət Nazirliyi “Megaspeed”i 2024-cü ildən araşdırır. Nazirlik şirkətin Çin şirkətlərinin birbaşa ala bilmədiyi qabaqcıl süni intellekt çiplərini qanunsuz yolla Çinə ötürdüyündən şübhələnir. Nazirliyin bir rəsmisi Malayziyadakı məlumat mərkəzinə baş çəkəndə serverlərin işlək vəziyyətdə deyil, qutularda saxlandığını görüb. Bu müşahidə avadanlığın icazəsi olmayan alıcılara ötürüldüyü barədə şübhələri artırıb.
ABŞ-nin Ədliyyə Nazirliyi ötən həftə istintaqı Ticarət Nazirliyindən təhvil aldığını və araşdırmanı davam etdirdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, “Nvidia” 2025-ci ilin iyununda “Megaspeed”i öz satış qadağası siyahısına salıb. Bundan əvvəl Ticarət Nazirliyi “Nvidia”dan Sinqapur şirkətinə birbaşa və ya vasitəçilərlə etdiyi satışların qeydlərini istəmişdi.
Münasibət barədə xəbərlər yayılandan sonra ticarət naziri Howard Lutnickə “Megaspeed”i qara siyahıya salması üçün təzyiq artmışdı. Lutnicki Jensen Huang və “Nvidia”ya həddən artıq yaxın olmaqda, həmçinin Çinə çip satışına yetərincə nəzarət etməməkdə ittiham ediblər. Yeni ticarət məhdudiyyətlərinin icrasına Lutnickin rəhbərlik etdiyi nazirlik cavabdeh olacaq. ABŞ bu yaxınlarda Çin şirkətlərinin onlara satışı qadağan olunan çiplərdən uzaqdan istifadəsinin qarşısını almaq üçün də qayda qəbul edib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...