Logo
    main-post-cover

    ABŞ hökuməti Huawei və digər Çin şirkətlərinə qarşı yeni istintaqa start verib

    Tech-Biznes
    24.03.2025
    Emil
         ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) Huawei China Telecom da daxil olmaqla bir neçə Çin telekommunikasiya şirkətinə qarşı yeni araşdırmaya başlayıb. Tənzimləyici orqan bu şirkətləri ABŞ ərazisində fəaliyyətə qoyulan məhdudiyyətləri pozmaqda şübhəli bilərək hərəkətə keçib. FCC-nin bəyanatında qeyd olunur ki, çinli şirkətlərə qarşı genişmiqyaslı araşdırma başlanıb. Bu şirkətlər arasında daha əvvəl adı çəkilənlərdən əlavə, telekommunikasiya avadanlıqları üzrə iri təchizatçı ZTE və dünyanın ən böyük müşahidə kameraları istehsalçısı Hikvision da yer alır. Bundan əlavə, tənzimləyici China Mobile International USA şirkətinin, eləcə də China Telecom China Unicom şirkətlərinin ABŞ-dakı bölmələrinin fəaliyyətini də araşdıracaq.
         FCC-nin rəhbəri Brendan Carr bildirib ki, bəzi Çin telekommunikasiya şirkətləri, çox güman ki, ABŞ-ın Çin mənşəli milli təhlükəsizlik təhdidlərinə qarşı əvvəlki səylərini nəzərə almır və onları görməzdən gəlir. Bundan əvvəl tənzimləyici ABŞ-da bir neçə şirkətin fəaliyyət icazəsini ləğv etmiş və bir sıra şirkətləri “qapalı siyahı”ya daxil etmişdi - həmin siyahıdakı şirkətlərin məhsullarını təhlükəsizlik səbəbindən ABŞ hökuməti ala bilməz. “Əlimizdə əsaslı şübhələr var ki, görülən tədbirlərə baxmayaraq, bu siyahıda olan bəzi və ya bütün təşkilatlar FCC-nin məhdudiyyətlərini pozaraq, ABŞ-da öz fəaliyyətlərini özəl və ya ‘tənzimlənməyən’ əsaslarla davam etdirməyə çalışırlar. Biz buna göz yuma bilmərik” - deyə Carr bildirib.
         ABŞ prezidenti Donald Trump  tərəfindən bu yaxınlarda FCC sədri təyin edilmiş Carr, tənzimləyici qurumun siyahıdakı şirkətlərin ABŞ ərazisindəki fəaliyyət miqyasını müəyyən etməyə və “etibarsız xarici iştirakçıların qaydaları pozmasına imkan verən bütün boşluqları bağlamaq üçün dərhal tədbir görməyə” qərarlı olduğunu bildirib. FCC Çin şirkətlərinə ölkədəki fəaliyyətləri ilə bağlı məlumat təqdim etmələri üçün sorğular göndərib. Bu arada, FCC-nin siyahısında olan bir şirkət artıq məhkəməyə çağırış vərəqi alıb. Carr bildirib ki, başlanan bu araşdırma, onun yaratdığı Milli Təhlükəsizlik Şurasının ilk ciddi təşəbbüsü olacaq və qurumun düşmən ölkələrdən, xüsusilə də Çindən qaynaqlanan potensial telekommunikasiya və kibertəhlükələrə diqqətini gücləndirməyə yönəlib.
    Paylaş