
ABŞ-ın 12 ştatı tarif müharibəsi səbəbilə Donald Trump-ı məhkəməyə verib
Tech-Biznes
24.04.2025
Emil
ABŞ-ın Arizona və Oreqon ştatlarının başçılığı ilə 12 ştatın baş prokurorları, ABŞ prezidenti Donald Trump-ın başlatdığı tarif müharibəsini dayandırmaq məqsədilə onun administrasiyasına qarşı məhkəmə iddiası qaldırıblar. İddiada bildirilir ki, Trump gömrük rüsumlarını tətbiq etmək üçün qanundan sui-istifadə edir. "Prezident Trump-ın bu çılğın tarif sxemi təkcə iqtisadi baxımdan məsuliyyətsiz deyil - o həm də qanunsuzdur" - deyə Arizona baş prokuroru Kris Mayes bildirib. İddiaya Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu-Meksiko, Nyu-York və Vermont ştatlarının baş prokurorları da imza atıblar.

Onların hamısı ABŞ Demokrat Partiyasını təmsil edirlər. Baş prokurorlar ABŞ Beynəlxalq Ticarət Məhkəməsini (U.S. Court of International Trade) Trump-ın rüsumların tətbiqi ilə bağlı sərəncamlarını etibarsız elan etməyə və ABŞ gömrük xidmətlərinin həmin sərəncamları icra etməsini qadağan etməyə çağırıblar. Baş prokurorlar koalisiyası Trump-ın 1977-ci il tarixli “Beynəlxalq İqtisadi Fövqəladə Səlahiyyətlər Haqqında Qanun”a (IEEPA) istinad edərək tariflərin tətbiqini qanunsuz adlandırıb. “Bu qanun yalnız o hallarda tətbiq olunur ki, fövqəladə vəziyyət xarici mənbədən gələn ‘qeyri-adi və fövqəladə təhdid’ təşkil etsin. Bu qanun prezidentə tarif tətbiq etmək səlahiyyəti vermir” - deyə Kris Mayes izah edib.

Donald Trump isə tarifləri tətbiq etmək üçün fövqəladə vəziyyət elan edib və bunu ölkəyə narkotik maddələrin axını ilə əsaslandırıb. Onun iddiasına görə, bu vəziyyəti Çin, Meksika və Kanada güya təşviq edir. Trump bildirib ki, narkotiklər ABŞ-a əsasən Meksika və Kanadadan qeyri-qanuni yollarla gətirilir, onların istehsalı üçün lazım olan komponentlər isə əsasən Çindən tədarük olunur. O, həmçinin ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatı üçün təhdid yaratdığını iddia edərək ticarət kəsirinə qarşı “qarşılıqlı tariflər” adlandırılan yeni tariflər tətbiq edib. Öz növbəsində, baş prokurorlar iddia ərizəsində bildiriblər ki, Trump-ın göstərdiyi “qeyri-adi və fövqəladə təhdidlər” əslində nə fövqəladədir, nə də qeyri-adi.

“Tariflər, guya mövcud olan fövqəladə vəziyyətlə ‘mübarizə’ məqsədilə nəzərdə tutulmayıb, çünki onlar, heç olmasa qismən, gəlirlərin artırılması üçün tətbiq olunur” - deyə iddia ərizəsində qeyd olunub. Sənəddə həmçinin vurğulanır ki, tariflərin tətbiqi birbaşa olaraq maliyyə bazarında qeyri-sabitliyə və ABŞ iqtisadiyyatı ilə yanaşı, qlobal iqtisadi sistemin davamlılığının pozulmasına səbəb olub. İddianın araşdırılması bir neçə il çəkə bilər, lakin bu proses potensial olaraq ABŞ prezidentinin tarifləri siyasi alət kimi istifadəsini məhdudlaşdıra bilər. Bu arada Donald Trump Çinlə ticarət müharibəsinin eskalasiyasına son qoymağa hazır olduğunu bəyan edib, çünki bu vəziyyət fond bazarının işinə və təchizat zəncirlərinin fəaliyyətinə zərər vurur.
Mənbə: PCmag
Paylaş
Ən çox oxunanlar

iPhone 18-in hansı prosessoru əldə edəcəyi açıqlanıb
