Logo
    main-post-cover

    Aparıcı İT şirkətlər süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər

    Tech-Biznes
    01.08.2025
    Emil
         Aparıcı texnologiya şirkətləri rüblük hesabatlarda təsirli maliyyə nəticələri nümayiş etdirərək süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər. Alphabet, Meta Microsoft hesabatların dərcindən sonra ümumi bazar dəyərini 350 milyard dollardan çox artırıblar. Microsoft dünyada bazar kapitallaşması 4 trilyon dolları keçmiş ikinci şirkət olub - birinci NVIDIA-dır. Meta isə 11% bahalaşaraq 2 trilyon dollara yaxınlaşıb. Google və Microsoft-un bulud xidmətlərindəki artım, eləcə də Meta-nın reklam gəlirlərinin yüksəlməsi bu şirkətlərin kapital xərclərini daha da artırması üçün əsas olub. Amazon ilə birlikdə bu şirkətlər 2025-ci ildə məlumat mərkəzləri və süni intellekt infrastrukturuna 350 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırırlar. Financial Times-in məlumatına görə, bu rəqəm 2026-cı ilə qədər 400 milyard dolları keçə bilər.
         Microsoft-un baş direktoru Satya Nadella qarşıdakı 12 ay ərzində 120 milyard dollar investisiya qoymağı və məlumat mərkəzlərinin gücünü rəqiblərdən daha sürətlə artırmağı planlaşdırdıqlarını bildirib. Meta isə gələn il üçün 105 milyard dollarlıq investisiya proqnozlaşdırır; bu vəsaitin bir hissəsi Luizianada yerləşəcək Hyperion adlı məlumat mərkəzinin tikintisinə yönələcək. Şirkətin rəhbəri Mark Zuckerberg superintellekt yaratmaq məqsədilə fəaliyyət göstərən laboratoriyaya mühəndislər cəlb edir və onlara 100 milyonlarla dollar dəyərində kompensasiya paketləri təklif edir. Əvvəllər investorlar süni intellektə yönələn böyük xərclər və onların konkret gəlir gətirməməsi ilə bağlı Big Tech şirkətlərini tənqid etsələr də, indi bu yanaşma dəyişib. Şirkətlər yeni texnologiyalardan real gəlirlər əldə etməyə başlayıblar.
         Meta-da reklam qiymətlərinin illik müqayisədə 9% artması və reklam baxışlarının 11% yüksəlməsi sübut edir ki, süni intellekt hədəflənməni və monetizasiyanı yaxşılaşdırır. ABŞ-ın investisiya şirkəti AllianceBernstein-in rəhbəri Jim Tierney bildirib ki, bazarın reaksiyası qeyri-adi dərəcədə müsbət olub - bunun səbəbi isə həm bulud gəlirlərinin, həm də süni intellekt xidmətlərinin satışının eyni vaxtda artmasıdır. Qrafik redaktorları üçün birgə işləmə platforması hazırlayan Figma şirkətinin birja debütü də diqqət çəkib. Şirkətin səhmləri IPO günü 250% artaraq bazar dəyərini 60 milyard dollardan yuxarıya yüksəldib - bu məbləğ 2022-ci ildə Adobe tərəfindən startap üçün təklif olunmuş məbləğdən 3 dəfə çoxdur. Eyni zamanda Albert Bridge Capital şirkətinin qurucusu Drew Dickson bazarda getdikcə risklərin kölgədə qaldığı bir həddən artıq nikbinlik mərhələsinə yaxınlaşma müşahidə olunduğunu və bu yarışda hər bir şirkətin qalib gələ bilməyəcəyini xəbərdarlıq edib.
         Jefferies analitiki Brent Till isə vurğulayıb ki, bulud əsaslı süni intellekt güclərinə olan tələbat azalarsa, neqativ əhval-ruhiyyə yenidən bazara qayıda bilər. Lakin hazırda gəlirlər artır və investorlar yüksək xərclərlə barışmağa hazırdırlar. Onun sözlərinə görə, süni intellekt yarışında iştirak edə biləcək şirkətlərin sayı cəmi 5-ə yaxındır. Amazon isə bu mənzərədə istisna təşkil edib. İkinci rübdə 31.4 milyard dollarlıq xərclə proqnozlara uyğun maliyyə nəticələri göstərməsinə və sahədə lider olmasına baxmayaraq, şirkətin səhmləri 7% dəyər itirib. Analitiklər Amazon Web Services (AWS) bulud bölməsinin Microsoft AzureGoogle Cloud ilə müqayisədə daha zəif artım tempini tənqid ediblər. Bununla yanaşı, Amazon rəhbəri Andy Jassy Donald Trump-ın bir sıra ölkələrə qarşı tətbiq etdiyi yeni gömrük rüsumları səbəbilə ticarət siyasətində yaranan qeyri-müəyyənliyə də diqqət çəkib.
         Əksinə, Apple iPhone-a olan sabit tələbat sayəsində 10% gəlir artımı göstərib, baxmayaraq ki, şirkətin səhmləri demək olar ki, dəyişməz qalıb. Şirkət süni intellektə sərmayələri artıracağını və bu sahədə cihazlara inteqrasiya baxımından geridə qaldığını etiraf edib. Financial Times qeyd edir ki, texnologiya sektorunun inkişafına ABŞ, Avropa Birliyi və Böyük Britaniyada qaldırılan antimonopoliya iddiaları maneə yaradır. Belə ki, ABŞ Federal Ticarət Komissiyası (FTC) Meta-dan WhatsApp Instagram platformalarını satmağı tələb edir və eyni zamanda Amazon-a qarşı qiymət manipulyasiyası ittihamı ilə məhkəmə işi aparır.
         Apple isə ABŞ Ədliyyə Nazirliyi tərəfindən iPhone-un qapalı ekosistemini yaratmaqda ittiham olunaraq araşdırılır. Microsoft bulud texnologiyaları sahəsində istintaq obyektinə çevrilib. Alphabet isə axtarış, reklam və tətbiq mağazası sahələrində 3 antimonopoliya işini uduzub və nəticə etibarilə Chrome brauzerini satmağa və axtarış nəticələrinin indeksini açıqlamağa məcbur edilə bilər. Böyük texnologiya şirkətləri arasında hesabat təqdim edəcək sonuncu şirkət NVIDIA olacaq. Onun bazar dəyəri 4.3 trilyon dollar təşkil edir və qrafik prosessorları (GPU) süni intellektin öyrədilməsi üçün əsas baza hesab olunur. İkinci rübdə NVIDIA-nın gəlirinin 45 milyard dollara çatacağı gözlənilir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% artım deməkdir.
    Paylaş