
Apple məşhur insayderi məhkəməyə verib
Tech-Biznes
18.07.2025
Emil
Apple məşhur insayder Jon Prosser-i məhkəməyə verərək onu kommersiya sirri sayılan məlumatları qanunsuz mənimsəməkdə və “Kompüter Fırıldaqçılığı və Sui-istifadə Haqqında Qanunu” pozmaqda ittiham edib. Prosser YouTube kanalında bir neçə buraxılışda o vaxt hələ iOS 19 adlandırılan, sonradan isə iOS 26 olan sistem haqqında danışmışdı. Cavabdeh Apple-ın təqdim etdiyi hadisə versiyasını rədd edərək iOS 26 interfeysinə dair materialları haradan əldə etdiyini açıqlayıb. Jon Prosser 2025-ci ilin yanvarından başlayaraq iOS 26 ilə bağlı məlumatlar yayımlayıb. Xüsusilə, o, yenilənmiş Camera tətbiqinin rekonstruksiyasını və sonradan Liquid Glass adlandırılmış yeni interfeysi nümayiş etdirən bir neçə video yayımlamışdı.
Jon Prosser:

Bəzi materiallar ilkin mərhələdə hazırlandığı üçün Apple-ın iyun ayında təqdim etdiyi son versiyadan fərqlənirdi. Apple-ın versiyasına görə, Jon Prosser bu məlumatları şirkət əməkdaşı Ethan Lipnik-ə məxsus, hələ hazırlanma mərhələsində olan sındırılmış bir iPhone vasitəsilə əldə edib. İddialara əsasən, bu sındırmanı iş üzrə digər cavabdeh Michael Ramacciotti həyata keçirib. Ramacciotti, cihazın sahibi Lipnik-in uzun müddət evdə olmayacağı vaxtı müəyyənləşdirmək üçün yer izləmə sistemindən istifadə edib, onun şifrəsini öyrənib və Apple siyasətinə zidd olaraq kifayət qədər qorunmayan iPhone-u sındırıb. Daha sonra Ramacciotti Prosser-ə videozəng edərək ona iOS-in ilkin versiyasını, o cümlədən bir neçə funksiya və tətbiqi nümayiş etdirib. Apple-ın bəyanatına görə, Prosser Ramacciotti-yə pul mükafatı təklif edib.

Ramacciotti isə etiraf edib ki, Prosser videozəngi ekran yazısı vasitəsilə qeydə alıb və bu yolla kommersiya sirri sayılan materialları əldə edib və onları digər şəxslərə ötürüb. Ən azı bir nəfər videodakı mənzilin Lipnik-ə məxsus olduğunu tanıyaraq bu barədə ona məlumat verib. Apple-ın məlumatına görə, Prosser bu məlumatları YouTube kanalında yayaraq reklam gəlirləri ilə qazanc əldə edib. Lipnik isə baş verənlərdən yalnız şirkətdən uzaqlaşdırıldıqdan sonra xəbər tutub. Apple məhkəmədən uyğun hesab ediləcək qadağaların tətbiqini, cavabdehdən dəymiş ziyanın məhkəmə araşdırması nəticəsində müəyyən ediləcək məbləğdə ödənilməsini və məlumatın qanunsuz şəkildə, qəsdən və qərəzli yolla mənimsənilməsinə görə cərimələrin tətbiqini tələb edir. Prosser isə öz növbəsində bildirib ki, heç kimin telefonuna daxil olmağı planlaşdırmayıb, heç bir cihazın şifrəsinə malik olmayıb və əldə etdiyi məlumatın hansı yolla ona çatdığını bilməyib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
