Logo
    main-post-cover

    Apple Trump-ın gömrük rüsumlarından şikayətlənib

    Tech-Biznes
    01.08.2025
    Emil
         ABŞ prezidenti Donald Trump tərəfindən tətbiq olunan gömrük rüsumları Apple üçün ciddi xərclərə səbəb olub. Bu barədə şirkətin baş direktoru Tim Cook rüblük maliyyə hesabatına həsr olunmuş brifinq zamanı məlumat verib. Cook-un sözlərinə görə, cari rübdə bu xərclər 1.1 milyard dollara çata bilər. Ötən rübdə isə Apple bu maddə üzrə 800 milyon dollar xərcləyib - halbuki may ayında şirkət bu məbləğin 900 milyon dollar olacağını gözləyirdi. “Bizim ödədiyimiz rüsumların əsas hissəsi - ilin əvvəlində qüvvəyə minmiş və Çinlə bağlı olan IEEPA (“Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı”) çərçivəsində tətbiq edilən rüsumlardır” - deyə Apple-ın baş direktoru bildirib.
         Trump tərəfindən tətbiq olunan rüsumlar əsasən Çin, Hindistan və Vyetnamda istehsal olunan bütün Apple cihazlarını əhatə edib. Tim Cook-un sözlərinə görə, ABŞ-da satılan iPhone-ların əksəriyyəti Hindistanda, Mac, iPad Apple Watch modellərinin çoxu isə Vyetnamda istehsal olunur. Lakin Çinlə əməkdaşlıqdan imtina belə ABŞ prezidentini qane etmir - o, əgər Apple istehsalının bir hissəsini ABŞ-a keçirməsə, şirkətə tətbiq olunan rüsumların artırılacağı ilə hədələyib. “Bir çox amillər dəyişə bilər, o cümlədən rüsum dərəcələri” - deyə Tim Cook xəbərdarlıq edib. Rüsumlarla bağlı narahatlıqlara baxmayaraq, Apple iPhone və Mac satışlarını yüksək səviyyədə saxlayıb və rüblük gəlirini 10% artıraraq 94 milyard dollara çatdırıb.
     
    Paylaş