
Avropa Birliyi Trump-ın hədələrinə baxmadan texnoloji sahəni sərt tənzimləməyə davam edəcək
Tech-Biznes
03.09.2025
Emil
Avropa rəsmiləri regionda qüvvədə olan qanunvericiliyin texnologiya şirkətlərinə tətbiq edilməsinin zəruriliyində israr ediblər, baxmayaraq ki, ABŞ prezidenti Donald Trump bu normaların ABŞ şirkətlərinə ziyan vurduğunu iddia edərək cavab olaraq rüsumlar tətbiq etməklə hədələyib. Avropa qanunvericiliyi insan hüquqlarının, o cümlədən söz azadlığının müdafiəsinə yönəlib - deyə Avropa Komissiyasının texnoloji suverenlik, təhlükəsizlik və demokratiya məsələləri üzrə icraçı vitse-prezidenti Henna Virkkunen sosial şəbəkə X-də bildirib və ABŞ Konqresinə ünvanlanmış məktubu paylaşaraq əlavə edib: “Mən bunun icrasını övladlarımız, vətəndaşlarımız və biznesimiz naminə təmin etməyə davam edəcəyəm” - deyə siyasətçi vurğulayıb.

Ötən həftə Trump rəqəmsal vergilər, qanunlar və ya digər normaların tətbiq olunduğu ölkələrə qarşı rüsumlar tətbiq etməklə hədələdi, çünki onun fikrincə, bunlar ABŞ şirkətlərinə zərər vura və ya onları ayrı-seçkiliyə məruz qoya bilər. O, Avropanın ABŞ texnologiya nəhənglərinin dominant mövqelərini məhdudlaşdırmağa yönəlmiş “Rəqəmsal Bazarlar Qanunu”nu (DMA), eləcə də rəqəmsal platforma operatorlarını qanunsuz və zərərli materiallarla mübarizə aparmağa məcbur edən “Rəqəmsal Xidmətlər Qanunu”nu (DSA) tənqid edib. Virkkunen xatırladıb ki, DMA və DSA yalnız Avropaya aid olan qanunlardır və nə ABŞ-da, nə də Avropa Birliyindən kənar digər ölkələrdə qüvvədə deyil.
O, ABŞ Dövlət Departamenti və Meta rəhbəri Mark Zuckerberg tərəfindən irəli sürülən, Avropa normalarının senzura ilə eyniləşdirilməsi iddialarını rədd edib. Avropa Komissiyasının vitse-prezidentinin fikrincə, DSA söz azadlığını dəstəkləməyə yönəlib, region sakinlərini fırıldaqçılıqdan, Avropa demokratiyasını isə siyasi manipulyasiyalardan və azad, ədalətli seçkilərin pozulmasından qorumaq üçün nəzərdə tutulub. Henna Virkkunen həmçinin öz sələfi Thierry Breton-un izahat vermək üçün ABŞ Konqresinə çağırılması təklifilə razı olmadığını bildirib.
Paylaş