Logo
    main-post-cover

    Britaniya Google-u axtarış sistemi üzərindəki nəzarəti zəiflətməyə məcbur edəcək

    Tech-Biznes
    25.06.2025
    Emil
         Böyük Britaniyanın Rəqabət və Bazarlar üzrə İdarəsi (Competition and Markets Authority, CMA) internet axtarış bazarını daha açıq və rəqabətli etmək istəyir. Bu məqsədlə, yeni milli rəqəmsal bazar qaydalarına uyğun olaraq, tənzimləyici orqan Google-u öz axtarış sisteminə “ədalətli sıralama” tədbirlərini tətbiq etməyə və nəşriyyatlara onların məzmunlarının istifadəsi üzərində - o cümlədən süni zəka tərəfindən yaradılmış nəticələrdə - daha çox nəzarət imkanı verməyə məcbur edəcək. 2025-ci ilin yanvar ayından etibarən CMA araşdırırdı ki, Google-un axtarış və reklam sahəsindəki mövqeyi Böyük Britaniya vətəndaşları və şirkətləri üçün müsbət nəticələr verirmi? İndi isə tənzimləyici qurum Google-dan axtarış nəticələrinin sıralanması prosesində daha çox şəffaflıq tələb edir.
         Google-un tərəfdaşları, o cümlədən Apple, istifadəçilərə axtarış provayderləri arasında seçim etmək imkanı verən “seçim ekranları” təqdim etməlidirlər ki, onlar əvvəlcədən təyin olunmuş axtarış sistemindən istifadə etməyə məcbur qalmasınlar. CMA Google-a axtarış və axtarış reklamı sahəsindəki dominant mövqeyinə görə “strateji bazar statusu” (Strategic Market Status, SMS) vermək niyyətindədir. Bu status rəqəmsal bazarla bağlı yeni qanunvericiliyə əsasən tətbiq olunur və texnologiya nəhəngindən bir sıra kifayət qədər sərt qaydalara riayət etməsini tələb edəcək. Yekun qərar isə ictimai məsləhətləşmələrdən sonra payızın əvvəlində qəbul olunmalıdır.
         CMA bildirib ki, Google-un dominant mövqeyi axtarış reklamlarının qiymətini rəqabətli bir bazarda gözləniləndən daha yüksək edib. "Google dünyada aparıcı axtarış vasitəsidir və gündəlik həyatımızda mühüm rol oynayır, çünki Böyük Britaniyada adi bir insan gündə orta hesabla 5-dən 10-a qədər axtarış sorğusu göndərir. Hazırkı araşdırmamız göstərir ki, bu bazarı daha açıq, rəqabətə davamlı və innovativ etmək yolları mövcuddur" - deyə CMA-nın baş direktoru Sarah Cardell qeyd edib. Google, Böyük Britaniyanın yeni rəqəmsal qanunlarının təsirinə ilk düşən şirkət olub.
         Cavab bəyanatında şirkət CMA-nın niyyətlərini geniş və hədəfsiz kimi tənqid edib və bildirib ki, yeni qaydalar Böyük Britaniyanın Google-un məhsul və xidmətlərinə çıxışını təhlükə altına qoya bilər. Google, CMA-nın araşdırma sahəsinin hələ də geniş və qeyri-müəyyən qalmasından və hər hansı sübut təqdim olunmazdan əvvəl bir sıra müdaxilə tədbirlərinin nəzərdən keçirilməsindən narahatdır. Google-un rəqabət üzrə baş direktoru Oliver Bethell-in fikrincə, cəzalandırıcı qaydalar Google-un Böyük Britaniyada yeni məhsullar təqdim etməsinə mənfi təsir göstərə bilər.
    Paylaş