Logo
    main-post-cover

    Donald Trump-ın “Big, beautiful bill” qanunu Tesla-ya ciddi zərər vura bilər

    Tech-Biznes
    07.07.2025
    Emil
         Keçən il Elon Musk ABŞ-da Donald Trump-ın prezident seçilməsi üçün 250 milyon dollardan çox ianə etdi. Lakin bu əməlin qarşılığında biznesmen elə bir qanunla qarşılaşıb ki, bu onun Tesla şirkətinə milyardlarla dollar zərər vura bilər. Keçən həftə Trump-ın imzaladığı “Big, beautiful bill” qanunu Tesla-nın əsas gəlir mənbələrindən birini təhlükə altına atır. Belə ki, elektromobil istehsalçısına milyardlarla dəyərində emissiya kvotalarını satmağa imkan verən qaydalar ləğv edilir. Qanun, satışların azalması və elektrikli avtomobillər üçün vergi güzəştlərinin aradan qaldırılması səbəbilə onsuz da çətin vəziyyətdə olan şirkətin böhranını daha da dərinləşdirir. Bu qərar Musk-ı qəzəbləndirib. Həftə ərzində qanun layihəsi Konqresdə təsdiqlənərək qanuna çevrilən zaman, Musk sənədi “iyrənc” adlandırıb və qanun layihəsini dəstəkləməyən konqresmenlərlə birbaşa işləməyə başlayacağını, lazım gələrsə, öz siyasi partiyasını yaradacağını bildirib.
         Cavab olaraq dövlət başçısı kinayə ilə qeyd edib ki, “əgər subsidiya olmasa, yəqin ki, Elon dükanını bağlayıb Cənubi Afrikadakı evinə qayıtmalı olacaq”. Biznesmenlə ölkə prezidentinin arasındakı qarşıdurma Musk üçün həyati əhəmiyyət daşıyan fəaliyyət sahələrini təhlükə altına atır və Konqresdəki respublikaçılar da bu iki nəhəng arasında baş verən münaqişəyə istəmədən cəlb olunurlar. Musk ictimai müstəvidə bu qanunun əleyhinə çıxış edir, çünki sənəd ABŞ-ın büdcə kəsirini ciddi şəkildə artıracaq. Lakin aydındır ki, onun üçün daha vacib məsələ Tesla üçün yaranan təhlükədir. Trump ABŞ-da üç fərqli emissiya krediti sisteminin ləğvinə çalışır. Bunlara ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) tərəfindən tənzimlənən bir mexanizm və Kaliforniya ştatında tətbiq olunan, elektrikli və hibrid avtomobil satış həcminə əsaslanan ikinci sistem də daxildir.
         Prezidentin qəbul etdiyi qanun faktiki olaraq üçüncü proqramı - federal “Orta Korporativ Yanacaq Səmərəliliyi Standartı”nı (Corporate Average Fuel Economy - CAFE) ləğv edir. Bu standarta əsasən, yanacaq səmərəliliyi üzrə müəyyən edilmiş göstəricilərə çatmayan avtomobil istehsalçılarına cərimələr tətbiq olunurdu. Eyni zamanda, emissiyasız avtomobil istehsalçılarına “təmiz hava kreditləri” verilirdi ki, onlar bu kreditləri daxili yanma mühərrikli avtomobil istehsal edən rəqiblərinə sata bilirdilər. Həmin şirkətlər isə bu kreditlər vasitəsilə cərimələri kompensasiya edirdilər. CAFE proqramı və digər ölkələrdəki oxşar sistemlər çərçivəsində kreditlərin satışı Tesla-nın gəlirinin əhəmiyyətli bir hissəsini təşkil edir və bu göstərici şirkət üçün artmaqda davam edir. 2024-cü ilin birinci rübündə Tesla kredit satışları olmasaydı, zərərə düşəcəkdi - bu satışlar 35% artaraq 595 milyon dollar təşkil edib.
         Tesla-nın həmin dövrdəki xalis mənfəəti isə 409 milyon dollar olub. Ötən il dünya üzrə normativ kreditlərin satışı şirkətə 2.8 milyard dollar qazandırıb və bu, ümumi 7.1 milyard dollarlıq gəlirin 39%-ni təşkil edib. 2023-cü ildə bu sahədən gəlir 1.8 milyard dollar olub. 2015-ci ildən bəri isə Tesla bu istiqamətdə ümumilikdə 11 milyard dollar qazanıb. Trump-ın təqdim etdiyi qanun layihəsi əslində CAFE proqramının qüvvədən düşməsinə səbəb olur, çünki cərimələrin məbləği sıfırlanır. Tesla narahatdır ki, nəticədə ənənəvi avtomobil istehsalçıları artıq bu kreditləri almağı dayandıracaqlar. Şirkət bu tip proqramlardan əldə etdiyi gəliri bölgələr üzrə açıqlamır, lakin Financial Times nəşrinin məlumatlı mənbəsinə görə, ödənişlərin dörddə üçü ABŞ-ın payına düşür, qalan hissə isə Avropa və Asiyadakı oxşar sxemlərdən gəlir. Qanun layihəsi qəbul edildikdən sonra onun Tesla-nın fəaliyyətinə təsiri dərhal deyil, gecikmiş şəkildə baş verəcək.
         Şirkət tez-tez rəqibləri ilə çoxillik müqavilələr bağlayır. Lakin bu müqavilələrin bəzilərində fors-major halları və qanunvericilik dəyişiklikləri nəzərdə tutulduğundan, belə müqavilələr dərhal ləğv edilə bilər. Digər ölkələrdə bu mexanizmlər qüvvədə qalacaq. Yaxın vaxtlarda Tesla, Stellantis, Ford, Mazda, Subaru Toyota ilə emissiyaların “birləşdirilməsi” barədə razılaşma imzalayıb. Bu razılaşmanı kommersiyalaşdırmaq qərarına gəldikdə, şirkət 1 milyard avrodan çox gəlir əldə edə bilər. Lakin ABŞ-da hakimiyyətdə Trump olduğu müddətdə federal emissiya kreditləri proqramının bərpasına ümidlər olduqca azdır. Kaliforniya isə Tesla-nın əhəmiyyətli miqdarda kredit qalığına sahib olduğu öz proqramının bağlanmasının qarşısını almaq üçün Ağ Evin təşəbbüsünü məhkəmə yolu ilə dayandırmağa çalışır.
         Şirkət təkcə elektrikli avtomobillər və emissiya kreditləri ilə deyil, həm də batareya istehsalı və ABŞ-da təxminən 2600 ədəd şarj stansiyasından ibarət şəbəkənin idarə olunması ilə məşğuldur. Bundan əlavə, damlara quraşdırılan günəş panelləri, eləcə də kommersiya və məişət üçün batareyalar istehsal edir. Bu sahələrin demək olar ki, hamısı əhəmiyyətli federal dəstək və ya vergi güzəştlərini itirəcək, yalnız enerji saxlama sistemləri üçün subsidiyalar qüvvədə qalacaq. Ən böyük zərbə isə sentyabr ayında elektrikli avtomobillərin müəyyən şərtlərlə alınması və ya icarəyə götürülməsi üçün verilən 7500$-lıq federal vergi kreditinin ləğvi olacaq. Tesla xəbərdarlıq edib ki, Çinlə ticarət müharibəsi və Trump-ın tətbiq etdiyi tarif siyasəti onun təchizat zəncirini poza, həyati əhəmiyyət daşıyan materiallara çıxışını məhdudlaşdıra bilər.
         Üstəlik, Musk-ın Trump-la olan əlaqələri səbəbilə şirkət qisas hədəfinə çevrilə bilər. Biznesmenin cavab zərbəsi vurmaq imkanları məhduddur. May ayında o, DOGE-dakı (Hökumətin Effektivliyi Departamenti) vəzifəsindən istefa verdi. Qanun layihəsi səsverməyə çıxarılan zaman Musk hədələyərək bildirib ki, bu sənədin lehinə səs verən hər kəs “gələn il ilkin seçkilərdə uduzacaq, hətta bu, Yer üzündə edəcəyim son şey olsa belə”. Buna baxmayaraq, 53 respublikaçı senatorun 50-si təşəbbüsü dəstəkləyib. Qanun layihəsini Musk-ın biznes çevrələrindəki bir çox müttəfiqləri də dəstəkləyiblər, çünki sənəddə gəlir vergisinə dair güzəştlərin uzadılması da nəzərdə tutulur. Qanun layihəsi Konqresdə son səsvermədən keçərək 3 iyul, cümə axşamı qəbul olunub və 4 iyulda - ABŞ-ın Müstəqillik Günündə Trump tərəfindən imzalanaraq qüvvəyə minib.
    Paylaş