
Donald Trump-ın tarifləri interneti sıradan çıxara bilər
Tech-Biznes
22.05.2025
Emil
Donald Trump tərəfindən başlanan və demək olar ki, dünyanın bütün ölkələrini əhatə edən ticarət müharibəsi nəzarətdən çıxmaq təhlükəsi ilə üz-üzədir. Ola bilsin ki, bu prosesdə ümumiyyətlə nəzarət nəzərdə tutulmayıb, çünki xaos da məqsədə çatmaq üçün bir vasitə ola bilər. Lakin əgər fərz etsək ki, Trump-ın tətbiq etdiyi mexanizmlər mənəvi baxımdan köhnəlib və rəqəmsal reallıqları nəzərə almır, bu halda ABŞ iqtisadiyyatı üçün nəticələr kifayət qədər acınacaqlı ola bilər. 2025-ci il mayın 20-də beynəlxalq konsaltinq şirkəti Allianz Trade dünya üzrə 4500 şirkətin iştirakı ilə keçirdiyi sorğuya əsaslanan hesabat yayımlayıb. Hesabatın məqsədi ticarət gərginliyinin artmasının mümkün nəticələrini müəyyənləşdirmək olub. Analitiklərin ehtimallarına əsasən - hansı ki, özü də müzakirə mövzusuna çevrilə bilər - Trump ABŞ iqtisadiyyatının rəqəmsal ticarət sahəsinə keçidini və bu keçidin dövlətə verdiyi gəlirləri nəzərə almır.

Analitiklərin iddiasına görə, rəqəmsal ticarət - istər reklam, istər xidmət və məhsul satışı olsun - ABŞ-ın rəsmi statistik göstəricilərində nəzərə alınmır. Məhz bu səbəbdən Trump bir sıra ölkələrlə, məsələn, Avropa Birliyi ilə ticarətdə səhvən tarazlığın olmadığını düşünür. Halbuki statistikadan kənarda qalan rəqəmsal ticarət ABŞ-a ən azı 600 milyard dollar həcmində ümumi müsbət ticarət saldosu (müəyyən dövrdə pul daxilolmaları ilə xərcləri arasında fərqdir) qazandırır. Bu rəqəmə rəqəmsal reklam, video axın xidmətləri, bulud platformaları və onlayn ödənişlər kimi sahələr daxildir. Allianz Trade qrupu hesab və xəbərdarlıq edir ki, ABŞ-ın ölkədəki trilyon dollarlıq mal çatışmazlığına həddən artıq fokuslanması dünya ticarətinin ən sürətlə inkişaf edən seqmenti olan maliyyə və rəqəmsal xidmətlərin görünməyən ixracını zəiflətmək riski yaradır.

Rəqəmsal xidmətlər əslində ABŞ-ın yumşaq və həssas zəif nöqtəsidir və Trump-ın tarif siyasəti səbəbilə bu sahə istənilən tərəfdən hücumlara qarşı açıq qala bilər. Analitiklər müəyyən mənada Donald Trump-ın hərəkətlərini belə əsaslandırırlar ki, o, problemin dərinliyindən xəbərsiz ola bilər, çünki rəqəmsal xidmətlərin bütün əlaqələrini və onların hansı yurisdiksiyaya aid olduqlarını izləmək kifayət qədər çətin məsələdir. Lakin bu, nəzarətsiz şəkildə hərəkət etmək üçün əsas deyil - yəni “fil kimi qab-qacaq dükanına girirmiş kimi” davranmaq olmaz. Allianz Trade-in məlumatına görə, bu gizli ticarətin miqyası son dərəcə böyükdür. Hesabatda bildirilir ki, son 20 ildə bu görünməyən ixracın artımı mal ixracının artımını xeyli qabaqlayıb, lakin bu xidmətlərin təqdim olunma forması səbəbilə ənənəvi statistik göstəricilərə daxil edilmir.

Allianz Trade mütəxəssisləri xəbərdarlıq edirlər ki, Donald Trump yaxın zamanda ticarət siyasətini və narrativlərini yenidən nəzərdən keçirməlidir və rəqəmsal ticarətə daha ciddi nəzarət etməyə başlamalıdır. Əks halda, ABŞ prezidenti ölkəsinin ticarət üstünlüyünü təhlükə altına ata bilər. Analitiklərin vurğuladığına görə, bu üstünlük Amerikanın innovativ şirkətləri və geniş məlumat infrastrukturu üzərində qurulub. Bu üstünlük, əslində, digər ölkələrlə aparılan danışıqlarda güclü alət kimi istifadə oluna bilərdi, lakin hələlik bu potensialdan istifadə edilmir. Allianz Trade qeyd edib: "ABŞ-ın rəqəmsal ixracı hazırda dünya ticarətinin əhəmiyyətli bir hissəsini təşkil edir (ümumi dünya ticarətinin təxminən 3.6%-i) və bu pay sürətlə artır. Bu görünməyən ixrac ABŞ-ın ticarətdən gəlirini artırır, lakin bunun üçün bir dənə də olsun konteyner gəmisi doldurulmur".

Bu, yeni reallığı ortaya qoyur. Ruterlər və məlumat mərkəzləri artıq ABŞ-ın liderliyini qorumaq üçün limanlar və zavodlar qədər strateji əhəmiyyət daşıyır. Agentlik həmçinin xəbərdarlıq edib ki, Trump-ın özü belə çatdıra bilmədiyini etiraf etdiyi ticarət taktikası ABŞ-ın rəqəmsal kontent və texnoloji xidmətlərin qlobal mərkəzi kimi liderliyini belə təhlükə altına ala bilər. Analitiklər bildirirlər ki, ABŞ-ın ticarət tərəfdaşları artıq Amerika şirkətləri tərəfindən yerli yurisdiksiyalarda göstərilən rəqəmsal xidmətlərə tarif və ya vergi tətbiqini nəzərdən keçirirlər. Bu tədbirlər Trump-ın tətbiq etdiyi tariflərə qarşı “cəzalandırıcı” alət və ya kompensasiya vasitəsi kimi istifadə oluna bilər. Başqa sözlə, ABŞ bu sahədə müdafiəsizdir və bu səbəbdən həssas vəziyyətdədir. Daha da önəmlisi, əgər Trump-ın təklif etdiyi tədbirlər qlobal ticarətdə daimi hal alarsa, bu, internetin iş prinsipini poza bilər.

Belə olan halda, şirkətlər xidmətlərini istifadəçinin yerləşdiyi ölkəyə görə fərqli şəkildə qurmağa məcbur qalacaqlar. Bu fikirləri keçmiş serb diplomat, DiploFoundation təşkilatının icraçı direktoru və rəqəmsal iqtisadiyyat üzrə ekspert Jovan Kurbalija da bölüşüb. O, bir müddət əvvəl bloqunda belə yazıb: "Əgər ticarət gərginliyi rəqəmsal sahəyə keçərsə, bu, Silikon Vadisi nəhəngləri və qlobal rəqəmsal iqtisadiyyat üçün ciddi və uzunmüddətli nəticələrə səbəb ola bilər". Rəqəmsal xidmət sənayesinə təsir göstərə biləcək cavab tarifləri təhlükəsi isə daha real hala gəlib. Belə ki, ötən ay Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Financial Times-a verdiyi açıqlamada Trump-ın Avropa Birliyi ilə ticarət danışıqlarının uğursuzluqla nəticələnəcəyi təqdirdə bu cür əks tədbirlər üzərində aktiv şəkildə çalışdıqlarını təsdiqləyib. Bu tədbirlər potensial olaraq rəqəmsal reklam gəlirlərinə vergi tətbiqini əhatə edə bilər ki, bu da Amazon, Google və Facebook kimi texnologiya şirkətlərinə təsir göstərəcək.

Lakin ən böyük təhlükə, ABŞ və Avropa Birliyi arasında xidmət ticarətinə vahid tariflərin tətbiq olunacağı vədidir. Bu o deməkdir ki, Avropa Birliyinə üzv olan bütün ölkələr ABŞ texnologiya şirkətləri ilə işləyərkən eyni yanaşmanı göstərəcək, beləliklə, bu şirkətlər bir ölkənin qanunvericiliyindəki boşluqlardan istifadə edərək tariflərdən yayınmaq imkanını itirəcəklər. Kurbalija yazır ki, Trump-ın mallara qarşı tətbiq etdiyi aqressiv tariflər, Avropa Birliyinə və digər ölkələrə rəqəmsal vergiləri sürətlə tətbiq etmək üçün həm mənəvi, həm də taktiki əsaslar yaradıb. O, eyni zamanda, xarici hökumətlərə növbəti cəlbedici ideyanı təklif edib: Yerli səviyyədə vergi ödəməkdən yayınan xarici texnologiya şirkətlərindən əldə olunan gəlirlərin geri qaytarılması. Ümumilikdə, keçmiş diplomat xarici dövlətlərə tövsiyə edib ki, rəqəmsal xidmətlərə tətbiq olunan vergilərdən daha geniş şəkildə diplomatik alət kimi istifadə etsinlər və bu yolla ABŞ-ı tarazlaşdırılmış danışıqlara məcbur etsinlər.

ABŞ-dan olan texnologiya şirkətləri üçün milli dövlətlər tərəfindən tətbiq ediləcək maneəvi tariflər və ya vergilər ticarət gərginliyinin artmasına səbəb ola bilər. Allianz Trade-in məlumatına görə, bu, qeyri-müəyyənlik mühitinin davam etməsinə gətirib çıxaracaq və nəticədə Amerika şirkətləri etibarlı və sərfəli təchizat zəncirlərini təmin etməyə çalışacaqlar. Sadə dillə desək, ABŞ şirkətləri mənfəətlərini qorumaq üçün əllərindən gələni edəcəklər, ölkə iqtisadiyyatını deyil, öz maraqlarını düşünəcəklər, və əgər bu onlara fayda verəcəksə, ölkənin iqtisadi maraqlarına zidd addımlar atmaqdan da çəkinməyəcəklər. Bundan əlavə, CareYaya Health Technologies şirkətinin baş direktoru Neal K. Shah xəbərdarlıq edib ki, rəqəmsal xidmətlərə tətbiq olunacaq tariflər birbaşa olaraq Amerika texnologiya şirkətlərinin gəlirlərini azaldacaq.

Ən pis halda, rəqəmsal ticarət qarşıdurması internetin inteqrasiya olunmuş infrastrukturunu parçalaya, qlobal şəbəkəni elə bir şəkildə fraqmentləşdirə bilər ki, bu da onilliklər ərzində tədricən formalaşmış texnoloji qarşılıqlı əlaqəni zəiflədə bilər. Bu parçalanmanın nəticəsi olaraq, xarici yurisdiksiyalarda paralel xidmətlər göstərmək üçün avadanlıq xərcləri artacaq. İstifadəçilər eyni platformanın müxtəlif ölkələrdə fərqli funksiyalarla, qiymətlərlə və imkanlarla təqdim edildiyini görəcəklər (sanki bu artıq mövcud deyilmiş kimi). Neal K. Shah bu barədə belə xəbərdarlıq edib: "Startaplar və innovatorlar üçün bu fraqmentasiya o deməkdir ki, tələblərə əməl etmə xərcləri artacaq, bazara çıxış məhdudlaşacaq və inkişaf tempi yavaşlayacaq". Belə bir dünya, həmçinin qlobal miqyasda genişlənə bilən rəqəmsal platformalar dövrünün sonunu gətirə, investorların texnologiyaya marağını azalda və rəqəmsal ticarətə qoyulan maneələrin artması fonunda qlobal ÜDM-i qarşıdakı 10 ildə 5% azalmasına səbəb ola bilər.

Shah əlavə edib ki, əgər rəqəmsal xidmətlərə tətbiq olunan tariflər dünya ticarətində daimi bir elementə çevrilərsə, bu, uzunmüddətli perspektivdə ABŞ-ın texnoloji üstünlüyünü, o cümlədən süni zəka kimi milli təhlükəsizlik üçün həyati əhəmiyyət daşıyan sahələrdəki liderliyini zəiflədə bilər. “Trump-ın tarifləri bu günün xəbərlərində başlıqlara çıxsa da, rəqəmsal xidmətlər uğrunda səssiz müharibə sabahın iqtisadiyyatını müəyyən edəcək” - deyə Jovan Kurbalija yazıb. Trump-ın bu təhdidlərə münasibətinə gəlincə, o, hələ yanvar ayında rəqəmsal sahədə ticarət müharibəsi başlasa, cavab tədbirlərinin hazırlanması ilə bağlı göstəriş verib. ABŞ prezidenti açıq şəkildə bəyan edib: “Yalnız Amerika ABŞ şirkətlərinə vergi tətbiq etmək hüququna malik olmalıdır”. Bu səbəbdən, Amerika şirkətləri tərəfindən təqdim edilən rəqəmsal xidmətlərə xarici ölkələrdə tarif tətbiq olunsa, ABŞ tərəfindən yeni cavab tarifləri gündəmə gələ bilər.

Allianz Trade tərəfindən sorğulanan ABŞ şirkətləri isə Trump-ın istəyinə zidd olaraq, öz əməliyyatlarını ABŞ-a qaytarmaq əvəzinə, təchizat zəncirlərini daha aşağı tarifli bölgələrə yönəldirlər. Bu bölgələrə Cənub-Şərqi Asiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Latın Amerikası ölkələri daxildir. Lakin Trump-ı daha da məyus edə biləcək fakt budur ki, sorğuda iştirak edən amerikalı şirkətlərin 50%-i Çindəki investisiyalarını artırmaq ehtimalını nəzərdən keçirdiklərini bildirib. Yalnız 8%-i isə Çinə investisiyaların azaldılmasını düşündüyünü deyib. Allianz Trade hesab edir ki, Trump ticarət strategiyasında keçmişdə ilişib qalıb, onun yanaşması çox dərəcədə fiziki mallara yönəlib, halbuki texnologiya sektoru ABŞ-ın qlobal bazarlardakı üstünlüyünü qorumaq üçün daha müasir taktikalara ehtiyac duyur.

Allianz Trade belə izah edib: "Dünyada tələbat olan xidmətləri - istər bulud əsaslı proqram təminatı, istərsə də maliyyə mühəndisliyi olsun - təqdim edə bilən bir iqtisadiyyat, fiziki təchizat zəncirlərindən daha az asılıdır və xammal qiymətlərindəki dalğalanmalara qarşı daha dayanıqlıdır”. Onların fikrincə, ABŞ-ın rəqəmsal və maliyyə xidmətləri sahəsində üstünlüyü təsadüfi bir ticarət nəticəsi deyil, bu artıq struktur xarakterli bir üstünlüyə çevrilib. Bu qlobal proseslərin maraqlı nəticələrindən biri bütün sistem və oyunçuların qəfil açıq mənbə (open-source) proqram təminatına keçidi ola bilər. Əvvəlcə bu keçidi daha az imkanlı şirkətlər edəcək, lakin sektordakı nəhənglər üçün də bu yol açıqdır və onlar da xərcləri azaltmaq məqsədilə gec-tez bu seçimə müraciət edə bilərlər. Açıq mənbəyə keçid şirkətləri tarif rüsumlarından qoruyacaq və uzunmüddətli perspektivdə açıq proqram təminatını ümumi norma halına gətirə bilər. Bu proses, eyni zamanda, rəqəmsal xidmətlər üzərində tarif tənzimləmələrinin imkanlarını zəiflədir və hətta bunu müəyyən mənada mənasız hala gətirə bilər. Lakin belə bir dəyişiklik baş verdikdən sonra, geri dönüş yolu da olmaya bilər.
Mənbə: Arstechnica
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
