Logo
    main-post-cover

    Donald Trump Intel-in CEO-dan vəzifəsini dərhal tərk etməyi tələb edib

    Tech-Biznes
    07.08.2025
    Emil
         Intel şirkətinin səhmləri cümə axşamı 5% dəyər itirib. Bu, ABŞ prezidenti Donald Trump-ın korporasiyanın baş direktoru Lip-Bu Tan-ı dərhal istefa verməyə çağırmasından sonra baş verib. Trump özünün Truth Social sosial şəbəkəsində yazdığı paylaşımda bildirib: “Intel-in baş direktoru ciddi maraqlar toqquşması vəziyyətindədir və dərhal istefa verməlidir. Bu problemin başqa həlli yoxdur”. Bundan dərhal sonra şirkətin səhmləri 5% ucuzlaşdı, lakin daha sonra bu eniş 2.5%-ə qədər azaldı. Intel şirkəti bu məsələ ilə bağlı şərh verməkdən imtina edib. Qeyd edək ki, Lip-Bu Tan mart ayında Intel-in baş direktoru təyin edilmişdi. Həmin vaxt çip istehsalçısı, keçmiş rəhbər Pat Gelsinger dövründəki satış azalmasından sonra bazardakı mövqeyini bərpa etməyə çalışırdı.
         Bu həftə Respublikaçılar Partiyasından olan senator Tom Cotton, Tan-ın Çin şirkətləri ilə əlaqələrinə dair izahat tələb edib və onun 2021-ci ilə qədər baş direktor vəzifəsini icra etdiyi Cadence Design şirkəti ilə bağlı keçmiş hüquqi mübahisələri xatırladıb. Cotton Intel-in direktorlar şurasının sədrinə məktub göndərərək, şirkətin təhlükəsizliyi və fəaliyyətinin bütövlüyü, həmçinin ABŞ-ın milli təhlükəsizliyinə mümkün təsiri ilə bağlı narahatlığını ifadə edib. “Intel amerikalı vergi ödəyicilərinin vəsaitlərini məsuliyyətlə idarə etməli və qüvvədə olan təhlükəsizlik qaydalarına riayət etməlidir. Cənab Tan-ın əlaqələri şirkətin bu öhdəlikləri yerinə yetirmək bacarığı ilə bağlı suallar doğurur” - deyə Cotton yazıb. Senator, həmçinin Intel-in Tan-dan Çin Kommunist Partiyası, Çin Xalq Azadlıq Ordusu və ölkədəki digər maraqlı strukturlarla əlaqəsi olan çip istehsalçılarına məxsus səhmləri satmağı tələb edib-etmədiyini sorğulayıb.
         Aprel ayında Reuters agentliyi Tan-ın bir sıra Çin şirkətlərinə, o cümlədən bəzilərinin Çin silahlı qüvvələri ilə birbaşa və ya vençur fondları vasitəsilə dolayısı ilə əlaqəsi olan şirkətlərə investisiya qoyduğunu bildirmişdi. İyul ayında Intel ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət analitiklərin gözləntilərini üstələyib, lakin xərclərin azaldılacağını elan edib. İşçilərə ünvanlanmış xidməti qeyddə Tan, digər şirkətlər üçün çip istehsal edən baha başa gələn müqaviləli istehsal bölməsinin xərclərinin azaldılacağını bildirib. Bu bölmə 3.17 milyard dollar məbləğində əməliyyat zərəri ilə üzləşib. Şirkət Almaniya və Polşada planlaşdırılan istehsal layihələrini ləğv edib, həmçinin Vyetnam və Malayziyada test və yığım istehsalını konsolidasiya edib. Tan, həmçinin Intel-in Ohayoda tikməkdə olduğu çip istehsalı zavodunun tikintisinin ləngidiləcəyini də açıqlayıb.
    Paylaş