Logo
    main-post-cover

    Donald Trump, TikTok-un ABŞ-da qadağa qanununu üçücü dəfə təxirə salmağa hazırdır

    Tech-Biznes
    05.05.2025
    Emil
         ABŞ prezidenti vəzifəsinə ikinci dəfə başlayan Donald Trump, TikTok-un ABŞ-da fəaliyyətini qadağan edən qanunun qüvvəyə minməsini təxirə salmağa məcbur oldu. Əvvəlcə bu müddət aprelin əvvəlinə qədər qüvvədə idi, sonra prezident onu 19 iyuna qədər uzatdı. Bir neçə gün əvvəl Trump açıqladı ki, əgər bu tarixədək ByteDance ilə razılaşma əldə olunmasa, üçüncü dəfə də təxirə salmağa hazırdır. Xatırladaq ki, ABŞ hakimiyyəti TikTok-un ölkə ərazisindəki fəaliyyətinə aid olan aktivləri hər hansı bir formada ayırmaq niyyətindədir. Gözlənilir ki, bu platforma ABŞ yurisdiksiyasında investorlar konsorsiumunun nəzarətinə keçəcək və amerikalı istifadəçilərin şəxsi məlumatlarının saxlanması və emal edilməsindən Oracle şirkəti cavabdeh olacaq.
         Hələlik danışıqlar uğurla nəticələnməyib, lakin ötən cümə verdiyi müsahibəsində Donald Trump hələ də TikTok-la bağlı razılaşmanın əldə olunmasında maraqlı olduğunu bildirdi: “Bu razılaşmanın əldə olunmasını görmək istərdim”. ABŞ prezidenti etiraf edib ki, seçki kampaniyası zamanı gənc amerikalı seçicilərin səslərini qazanmaqda ona kömək etdikdən sonra Çin sosial şəbəkəsi TikTok-a qarşı müsbət hisslər bəsləməyə başlayıb. “TikTok - bu çox maraqlıdır, amma o, qorunacaq” - deyə Trump ötən həftənin sonunda bildirib. Hesab edilir ki, Trump TikTok ilə bağlı razılaşmadan Çinlə gömrük tarifləri üzrə danışıqlarda bir növ üstünlük kartı kimi istifadə edəcək.
         ABŞ prezidenti qeyd edib ki, bu məsələni Çin tərəfini danışıqlara məcbur etmək üçün istifadə etməyəcək, lakin Çinlə daha geniş miqyaslı bir razılaşma çərçivəsində idxal rüsumlarını azaltmağa hazır olduğunu da etiraf edib. Trump-ın sözlərinə görə, əgər bu tariflər azaldılmasa, “onlarla biznes qurmaq heç vaxt mümkün olmayacaq, halbuki onlar bunu çox istəyirlər”. ABŞ Demokrat Partiyasından olan bir sıra senatorlar isə hesab edirlər ki, Trump-ın TikTok-un qadağasının qüvvəyə minməsini üçüncü dəfə təxirə salmaq üçün hüquqi səlahiyyəti yoxdur. Onlar həmçinin bildirirlər ki, hazırda müzakirə edilən TikTok razılaşması bu partiyanın fəal iştirakı ilə qəbul edilmiş qanunun tələblərinə cavab vermir.
    Mənbə: Reuters
    Paylaş