Logo
    main-post-cover

    Elon Musk dövlət subsidiyalarından məhrum ola bilər

    Tech-Biznes
    02.07.2025
    Emil
         ABŞ-ın 47-ci prezidenti Donald Trump Hökumət Effektivliyi Departamentinə (DOGE) Elon Musk-un şirkətlərinə - o cümlədən Tesla SpaceX-ə - verilmiş subsidiyaların həcmini yenidən nəzərdən keçirməyi təklif edib. Bu şirkətlər ümumilikdə 10 milyardlarla dollar məbləğində dövlət dəstəyi alıblar. Söhbət, ABŞ-ın sürətlə artan dövlət borcu fonunda büdcə xərclərini azaltmaq və texnologiyalara ayrılan vəsaitlərin prioritetlərini yenidən müəyyənləşdirmək cəhdindən gedir. Trump bildirib: “Elon, yəqin ki, tarixdə hər kəsdən daha çox subsidiya alır və bunu böyük fərqlə edir. Bu subsidiyalar olmasaydı, çox güman ki, o, dükanı bağlayıb Cənubi Afrikadakı evinə qayıtmalı olardı. Nə raket buraxılışları, nə peyklər, nə də elektromobil istehsalı və ölkəmiz bir sərvət qənaət etmiş olardı. Bəlkə DOGE-ə bu məsələ ilə ciddi şəkildə məşğul olmağı tapşıraq? Qənaət çox böyük olacaq!!!”.
         Söhbət həmçinin SpaceX-ə verilmiş təxminən 22 milyard dollarlıq müqavilələrdən də gedir. Musk buna qısa və sərt reaksiya verib, özünün X platformasında belə bir paylaşım edib: “Mən sözün əsl mənasında hər şeyin dərhal azaldılmasını tələb edirəm.” Bu reaksiya xüsusilə sərt səslənib, çünki Musk hələ bir müddət əvvəl  DOGE-yə şəxsən rəhbərlik edib və onun biznesi hazırda ləğv edilməsini tələb etdiyi həmin mexanizm vasitəsilə dəstək alıb. Açıq qarşıdurma Senatda vergi güzəştləri və büdcə xərcləri ilə bağlı yeni qanun layihəsinin müzakirəsi fonunda alovlanıb. Müstəqil analitiklərin məlumatına görə, bu qanun layihəsi ABŞ-ın dövlət borcunu 3 trilyon dollar artıracaq. Musk bu layihəni “tamamilə dəli və dağıdıcı” adlandırıb və əlavə edib ki, xərcləri azaltmaq vədi ilə seçkiyə qatılıb, lakin bu paketi dəstəkləyən qanunvericilər “utancdan yanmalıdırlar”.
         O həmçinin vəd edib ki, gələn il keçiriləcək praymerizlərdə həmin siyasətçilərin məğlubiyyətinə nail olacaq. “Hətta bu, Yer üzündə edəcəyim son iş olsa belə” - deyə Musk qeyd edib. Maliyyə bazarları dərhal reaksiya verib: iyulun 1-də ilkin ticarət zamanı Tesla-nın səhmləri 4.9% ucuzlaşdı. Bu, Trump və Musk arasında baş vermiş ictimai qarşıdurmanın Musk-ın şirkətlərinin kapitallaşmasına təsir etdiyi ilk hal deyil. İyun ayında baş vermiş oxşar söz atışması Tesla-nın tarixində ən böyük dəyər itkisinə səbəb olmuşdu -şirkət cəmi bir gündə 150 milyard dollar bazar dəyəri itirmişdi.
    2024-cü ilin noyabr ayından 2025-ci ilin iyul ayına qədər Tesla səhmlərinin NASDAQ birjasında dəyər dinamikasının qrafiki:
         Musk ritorikasını daha da sərtləşdirərək ABŞ-ın siyasi sistemini monopoliya yaratmaqda ittiham edib və yenidən Vaşinqtondakı “büdcə dəliliyi”nə son qoya biləcək yeni siyasi qüvvənin yaradılmasından danışıb. Onun sözlərinə görə, dövlət əvvəlcə məhz DOGE vasitəsilə milyardlarla dollar qənaət edə bilmişdi, lakin bu vəsaitlər indi israf olunacaq. Bu vəziyyət gələn ilin ikinci rübündə Konqres seçkilərinə hazırlaşan respublikaçılar arasında narahatlıq doğurur. Artan siyasi qeyri-sabitlik fonunda Musk-ın strateji layihələri - o cümlədən sükan və pedal olmayan robotaksi avtomobillərinin kütləvi istehsalına start verilməsi - risk altına düşür. Bu texnologiyaların təsdiqi ABŞ Nəqliyyat Nazirliyinin (DOT) səlahiyyətindədir və mövcud siyasi qarşıdurma tənzimləmə proseslərini çətinləşdirə bilər.
    Paylaş