Logo
    main-post-cover

    Elon Musk, OpenAI qarşısına şərt qoyub

    Tech-Biznes
    13.02.2025
    Emil
         Elon Musk-ın rəhbərlik etdiyi konsorsium, OpenAI-nin kommersiya təşkilatına çevrilmək planlarından imtina etdiyi təqdirdə, şirkəti almaq üçün verdiyi 97.4 milyard dollarlıq təklifi geri çəkəcəyini bəyan edib. OpenAI, süni zəka yarışında liderliyini qorumaq üçün əlavə investisiyalara ciddi ehtiyac duyduğu üçün kommersiya şirkətinə çevrilməni nəzərdən keçirir. Musk isə rəqib startapı xAI-ın sahibi olaraq OpenAI-nin qeyri-kommersiya missiyasını qoruyub saxlamasını istəyir. Musk, OpenAI-nin kommersiya şirkətinə çevrilməsinə mane olmağa çalışır.
         “Əgər OpenAI-nin rəhbərliyi qeyri-kommersiya missiyasını qorumağa və aktivlərin satışa çıxarılmasını dayandırmaq üçün onların kommersiyaya çevrilməsini ləğv etməyə razıdırsa, Musk təklifini geri çəkəcək” - deyə Musk-ın vəkilləri tərəfindən dünən təqdim edilmiş iddia ərizəsində qeyd edilib.
         Əks halda, qeyri-kommersiya təşkilatı, aktivlərini alan müstəqil alıcının ödədiyi məbləğ qədər təzminat almalıdır. Musk 2015-ci ildə Sam Altman ilə birlikdə qeyri-kommersiya təşkilatı kimi OpenAI-nin həmtəsisçisi olub, lakin 2018-ci ildə şirkətin inkişaf istiqaməti və maliyyələşdirmə mənbələri ilə bağlı fikir ayrılıqlarına görə OpenAI-dən ayrılıb. Bundan sonra Altman OpenAI-nin baş direktoru olub və Microsoft kimi investorların maliyyə dəstəyini təmin etmək üçün startapın kommersiya bölməsini istifadəyə verib.
         Hazırda Sam Altman, əsas biznesin kommersiya şirkətinə çevrilməsi planı üzərində işləyir, bu da o deməkdir ki, artıq şirkət qeyri-kommersiya idarə heyətinin nəzarətində olmayacaq. Bununla belə, qeyri-kommersiya təşkilatı fəaliyyətini davam etdirəcək və kommersiya şirkətində pay sahibi olacaq. Musk məhz bu keçidin qarşısını almaq üçün məhkəməyə müraciət edib. Reuters-in məlumatına görə, OpenAI-nin idarə heyəti hələlik Musk-ın qrupu tərəfindən rəsmi bir təklif almayıb.
         Bununla yanaşı, OpenAI-nin baş direktoru Sam Altman daha əvvəl bəyan edib ki, şirkəti idarə edən qeyri-kommersiya təşkilatı satılmır və Musk-ın təklifini “gülməli” adlandırıb. Bir neçə analitik bildirir ki, nəticədən asılı olmayaraq, Musk-ın təklifi OpenAI-nin kommersiya şirkətinə çevrilməsini çətinləşdirəcək, çünki bu, startapı idarə edən qeyri-kommersiya təşkilatı üçün yüksək minimal dəyər müəyyən edə bilər. Hal-hazırda SoftBank Group holdinqi OpenAI-yə 40 milyard dollara qədər investisiya ayırmaq üçün danışıqlar aparır, şirkətin bazar dəyəri isə təxminən 300 milyard dollar səviyyəsində qiymətləndirilir.
    Mənbə: Reuters
    Paylaş