
Elon Musk, OpenAI şirkətini 97.4 milyard dollara almağı təklif edib
Tech-Biznes
11.02.2025
Emil
The Wall Street Journal-ın məlumatına görə, Elon Musk investorlar qrupuna rəhbərlik edərək OpenAI-nin qeyri-kommersiya bölməsini 97.4 milyard dollara almaq üçün təklif irəli sürüb. Media bu addımı "Silikon Vadisində süni zəka sahəsində ən gərgin rəqabətin dramatik eskalasiyası" kimi qiymətləndirib. Satınalma təklifi bazar ertəsi səhər OpenAI-nin idarə heyətinə təqdim edilib. Bu təklif Elon Musk-ın rəhbərlik etdiyi güclü investor koalisiyası tərəfindən irəli sürülüb və Musk-ın xAI süni zəka şirkətini, Valor Equity Partners vençur şirkətini, Hollywood maqnatı Ari Emanuel-i, Palantir-in həmtəsisçisi Joe Lonsdale-i və 8VC fondu kimi iri vençur investorlarını əhatə edir.

Bu təklif OpenAI üçün dönüş nöqtəsində irəli sürülüb. Bir müddət əvvəl şirkətin rəhbəri Sam Altman, OpenAI şirkətini kommersiya təşkilatına çevirmək prosesini başlatmışdı. Son məlumata görə, OpenAI dəyəri 340 milyard dollar qiymətləndirilən şirkət kimi 40 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Yanvar ayının sonunda ABŞ-ın 500 milyard dollarlıq süni zəka layihəsi olan "Stargate" elan edildi və OpenAI onun əsas iştirakçılarından biri oldu. Elon Musk üçün bu təklif, OpenAI-nin kommersiya təşkilatına çevrilməsinə qarşı mübarizədə ən cəsarətli addım sayılır.
Musk hesab edir ki, OpenAI öz ilkin missiyasına - süni zəkanın təhlükəsiz və açıq şəkildə inkişafına xəyanət edib. Bu səbəbdən o, hazırda OpenAI-yə qarşı məhkəmə iddiası qaldırıb. Xatırladaq ki, Elon Musk 2015-ci ildə Sam Altman ilə birgə OpenAI-i təsis etmişdi. Lakin 2019-cu ildə Musk OpenAI-dan ayrılmışdı. "OpenAI-nin bir vaxtlar olduğu açıq mənbəli (open-source), təhlükəsizliyə yönəlmiş və xeyirxah güc kimi fəaliyyətinə qayıtmasının vaxtı çatıb" - deyə Elon Musk vəkil Marc Toberoff vasitəsilə The Wall Street Journal-a açıqlama verib. "Biz bunun baş verməsini təmin edəcəyik" - deyə o, əlavə edib.

Bu təklif OpenAI-nin kommersiya şirkətinə çevrilməsi planlarını xeyli çətinləşdirir, çünki Musk-ın komandası daha yüksək qiymət təklif edilərsə, onu qarşılamağa və ya hətta üstələməyə hazır olduqlarını bildirib. Bu isə artıq investorlarla danışıqlar aparan Sam Altman üçün mürəkkəb vəziyyət yaradır. Mediada bu satınalma xəbəri yayıldıqdan qısa müddət sonra, Altman X (keçmiş Twitter) platformasında belə bir paylaşım edib: "Xeyr, təşəkkürlər, amma əgər istəyirsinizsə, biz Twitter-i 9.74 milyard dollara ala bilərik". OpenAI-dən rəsmi açıqlama istənildikdə, şirkət yalnız Altman-ın bu paylaşımına istinad edib. Elon Musk-ın nümayəndələri isə hələlik təkliflə bağlı rəsmi şərh verməyiblər.
Mənbə: The Wall Street Journal
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
OpenAI öz süni zəka çipinin istehsalına artıq bu il start verə bilər
Süni zəka sahəsində aparıcı şirkət olan OpenAI, NVIDIA istehsalı olan süni zəka sürətləndiricilərindən asılılığını azaltmaq üçün ciddi səylər göstərir. Açıqlandığına görə, OpenAI qarşıdakı bir neçə ay ərzində öz çipinin hazırlanmasını başa çatdırmağı və onu TSMC şirkətinin zavodlarında ən qabaqcıl texnoloji proseslərdən istifadə edərək istehsal etməyi planlaşdırır.

Süni İntellekt
Sam Altman: "Süni zəka məhsulları ucuzlaşdıracaq, lakin bərabərsizlikdən xilas etməyəcək"
OpenAI şirkətinin CEO-su Sam Altman yeni essedə bildirib ki, şirkət süni zəkanı hər kəs üçün əlçatan etmək məqsədilə genişmiqyaslı investisiyalara və təcrübi yanaşmalara hazırdır. O, bir daha vurğulayıb ki, tezliklə ümumi süni zəka (AGI) ortaya çıxacaq və bu, iqtisadiyyatı köklü şəkildə dəyişəcək, elmi tərəqqini sürətləndirəcək və bir çox məhsulların qiymətini azaldacaq.

Süni İntellekt
OpenAI 14 milyon dollara Super Bowl-da süni zəka reklamını sərgiləyib (VİDEO)
OpenAI ilk dəfə Super Bowl arenaya çıxdı və 60 saniyəlik reklam çarxı üçün 14 milyon dollar xərclədi. Bu reklam çarxı süni zəkanı insanlığın ən böyük texnoloji nailiyyətlərinin məntiqi davamı kimi təqdim edir.

Süni İntellekt
Böyük İT şirkətlər bu il süni zəkaya 300 milyard dollardan çox investisiya yatıracaqlar
ABŞ-ın aparıcı texnologiya şirkətləri bazar risklərinə baxmayaraq süni zəka sahəsinin inkişafına xərclərini artırmağa davam edirlər. Microsoft, Alphabet (Google şirkətinin sahibi), Amazon və Meta şirkətlərinin 2024-cü ildə kapital xərcləri ümumilikdə 246 milyard dollara çatıb, bu da 2023-cü illə müqayisədə 63% çoxdur.

Tech-Biznes
SoftBank holdinqi OpenAI şirkətinə daha çox investisiya yatıracaq
Yaponiyanın SoftBank holdinqi, OpenAI şirkətinə 40 milyard dollara qədər investisiya yatırmaq üzrə razılaşmanı başa çatdırmaq üzrədir. CNBC-nin məlumatına görə, bu investisiya OpenAI-nin bazar dəyərinin ilkin qiymətləndirilməsinin 260 milyard dollar olduğu bir dövrdə həyata keçirilir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
