Logo
    main-post-cover

    Google CEO-su: "Antimonopoliya tədbirləri Google Search-ü tamamilə məhv edəcək"

    Tech-Biznes
    01.05.2025
    Emil
         Google-un baş direktoru Sundar Pichai ABŞ Ədliyyə Nazirliyinin (DOJ) Google axtarış sisteminin monopoliyasını məhdudlaşdırmaq və şirkəti öz axtarış indeksi məlumatları və sıralama alqoritmlərini rəqiblərlə minimal qiymətə paylaşmağa məcbur etmək planlarını məhkəmədə sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, təklif olunan tədbirlər o qədər radikaldır ki, Google axtarış sisteminin mövcudluğunu belə sual altına qoya bilər. “Məlumatların paylaşılması ilə bağlı təklif o qədər genişmiqyaslıdır ki, bütün sərhədləri aşır” - deyə Pichai bildirib. O, vurğulayıb ki, bu, praktik olaraq axtarış texnologiyasının və 25 illik tədqiqatların nəticəsi olan intellektual mülkiyyətin əldən alınması kimi görünür.
         Bundan əlavə, o, qeyd edib ki, bu cür tədbirlər istənilən şəxsə şirkətin illərlə formalaşdırdığı texnoloji bazanı tam şəkildə təkrarlamağa imkan verəcək və bu, qeyri-dürüst rəqabətin nəticəsi deyil, uzun illər davam edən zəhmətin bəhrəsidir. “Əgər hökumət hər şeyi ucuz qiymətə verməyi tələb edirsə, o zaman innovasiyalara gələcək investisiyaları necə əsaslandırmaq olar, bu, aydın deyil” - deyə Pichai antiinhisar prosesi zamanı bildirib. Lakin The Verge yazır ki, hakimiyyət orqanları yalnız sərt tədbirlərin Google-un hökmranlığını sarsıda biləcəyini israrla vurğulayırlar. Google-un hüquqşünasları bildiriblər ki, şirkət təkcə ötən il tədqiqat və inkişaf (R&D) sahəsinə - o cümlədən axtarış, süni zəka və digər layihələrə - təxminən 49 milyard dollar xərcləyib.
    Sundar Pichai:
         Şirkət rəhbərliyinin fikrincə, əgər dövlət tədbirləri bu investisiyaların bəhrəsini Google-un əlindən alsa, bu, şirkətin innovasiya potensialına ciddi zərbə vuracaq. Google-un axtarış sahəsindəki hökmranlığı ətrafında yaranmış qalmaqal uzun müddətdir davam edir. ABŞ hakimiyyəti hesab edir ki, Chrome brauzerinə yönəlik iri maliyyə yatırımları, Apple və digər cihaz istehsalçıları ilə bağlanmış müqavilələr, eləcə də istifadəçi məlumatlarının böyük miqdarda toplanması sayəsində korporasiya axtarış bazarında yeni oyunçulara heç bir şans verməyən şərait yaradıb. Xüsusi müzakirə mövzusuna çevrilmiş məsələlərdən biri də Chrome brauzeri olub.
         Hökumət Google-u Chrome-u satmağa məcbur etmək istəyir və OpenAI, Yahoo kimi şirkətlər artıq bu mövzuya maraq göstəriblər. Lakin vaxtilə Chrome-un yaradılması üzrə komandaya rəhbərlik etmiş Sundar Pichai bildirib ki, bu brauzerin təhlükəsizliyi və inkişafı ilə Google qədər heç kim maraqlana bilməz. “Biz Chrome-a 10 milyardlarla dollar investisiya yatırmışıq. Üstəlik, bir çox məşhur brauzerlərin əsasını təşkil edən Chromium-un açıq mənbə kodunun 90 faizindən çoxu bizim tərəfimizdən yazılıb” - deyə o, vurğulayıb. Süni zəka da əsas diqqət mərkəzində olub.
         Google-un rəhbəri əmindir ki, süni zəka Google Search-ü köklü şəkildə dəyişəcək, lakin çat-botların tam şəkildə axtarış sistemlərini əvəz edəcəyi fikrini rədd edib. Bununla yanaşı, Apple ilə danışıqları təsdiqləyib: İlin ortalarına qədər Gemini, ChatGPT ilə yanaşı, Apple ekosistemində yer ala bilər. Ədliyyə Nazirliyi hesab edir ki, yalnız radikal tədbirlər ədalətli rəqabəti təmin edə bilər. Google isə israr edir ki, əgər onları texnologiyaları paylaşmağa məcbur etsələr, innovasiyalar dayanacaq. “Əgər bizim əldə etdiklərimiz hər kəsə veriləcəksə, o zaman bu işə investisiya yatırmağın nə mənası var?” - deyə Pichai yekunlaşdırıb.
    Mənbə: The Verge
    Paylaş