Grok videolar tərtib edə biləcək: xAI süni zəka əsasında video tərtibatı startapını alıb
Elon Musk-a məxsus olan xAI şirkəti, süni zəka əsaslı video generasiya alətləri üzərində işləyən Hotshot startapını alıb. Sövdələşmənin başa çatdığını Hotshot-un həmtəsisçisi və baş direktoru Aakash Sastry öz X sosial şəbəkə hesabında elan edib. "Son 2 il ərzində biz kiçik komanda olaraq üç video generasiya modeli yaratdıq - Hotshot-XL, Hotshot Act One və Hotshot. Bu modellərin təlimi prosesi bizə gələcək illərdə qlobal təhsil, əyləncə, ünsiyyət və məhsuldarlıq sahələrinin necə dəyişəcəyini anlamağa kömək etdi.
Biz xAI-nin tərkib hissəsi kimi dünyanın ən böyük Colossus klasterində səylərimizi genişləndirməyə davam edəcəyimiz üçün məmnunuq" - deyə Sastry-nin açıqlamasında bildirilib. Hotshot şirkəti bir neçə il əvvəl San-Fransiskoda təsis edilib. İlkin mərhələdə startap süni zəka əsaslı alətlər vasitəsilə şəkil yaratma və redaktə etmə üzərində çalışırdı. Lakin zamanla diqqətini mətn göstərişlərinə əsaslanan video generasiya modellərinə yönəltdi.
Hotshot daha əvvəl investorların diqqətini çəkməyi bacarsa da, startapa yatırılan investisiyanın məbləği heç vaxt açıq şəkildə açıqlanmayıb. Hotshot-un xAI nəzarətinə keçməsi, şirkətin süni zəka vasitəsilə video generasiya modelləri yaratmasına kömək edə bilər. Bu isə onu OpenAI-nin Sora və Google-un Veo 2 kimi rəqibləri ilə bir səviyyəyə gətirə bilər. Əvvəllər Elon Musk, xAI-nin video generasiya alətləri üzərində işlədiyinə və gələcəkdə bu texnologiyanın Grok adlı çat-botla inteqrasiya ediləcəyinə işarə etmişdi. İlin əvvəlində Musk, Grok Video modelinin bir neçə ay ərzində təqdim olunacağını gözlədiyini bildirmişdi.