Norveç çox elektrik sərf edən yeni məlumat mərkəzlərini şəbəkəyə qoşmur
Tech-Biznes
10.11.2026
Norveç hökuməti çox elektrik işlədən yeni məlumat mərkəzlərinin enerji şəbəkəsinə qoşulmasını müvəqqəti dayandırıb. Məqsəd süni intellekt üçün infrastrukturun sürətlə böyüməsi fonunda şəbəkədə yarana biləcək problemlərin qarşısını almaqdır. “Statnett” məhdudiyyətin ən azı 2027-ci ilin avqustuna qədər davam edə biləcəyini deyib.
Qərar yalnız yeni müraciətlərə aiddir. Qoşulması əvvəlcədən təsdiqlənən və ya artıq işləyən layihələr davam edəcək. Hökumət bu müddətdə iri bulud xidməti şirkətlərinin genişlənməsini tənzimləmək üçün yeni lisenziya sistemi hazırlamaq istəyir. Həmin sistem şirkətlərin hansı şərtlərlə yeni obyekt aça biləcəyini müəyyən edəcək.
Yeni qaydalara görə, müdafiə, polis, fövqəladə xidmətlər və səhiyyə üçün çalışan məlumat mərkəzlərinə üstünlük veriləcək. Mobil rabitə və maliyyə sistemi kimi kritik xidmətlərə bağlı obyektlər də prioritet olacaq. Rəqəmsallaşma naziri Torgeir Micaelsen deyib ki, ölkəyə ən çox ictimai fayda verən məlumat mərkəzləri seçilməlidir.
“Statnett”in hesablamasına görə, hazırda Norveçdə şəbəkəyə qoşulan məlumat mərkəzlərinin ümumi elektrik tələbatı təxminən 800 MVt-dır. Daha 4,2 GVt güc əvvəlcədən ayrılıb, 9,1 GVt-lıq layihə isə növbədədir. Yeni qoşulma tələbləri 18 GVt-a çatıb. Bu, ölkədə elektrikə olan ən yüksək tələbatın 1/3-dən çoxdur.
Norveç daha əvvəl kriptovalyuta hasilatı üçün yeni məlumat mərkəzlərinin açılmasına da müvəqqəti qadağa qoyub. Ölkədə “Microsoft”, “Nscale”, “TikTok”, “Green Mountain” və “CoreWeave” şirkətlərinin işləyən və ya planlaşdırılan obyektləri var. Eyni zamanda, 15 Avropa ölkəsindən 100-dən çox təşkilat iri süni intellekt məlumat mərkəzlərinin tikintisinin dərhal dayandırılmasını tələb edir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...