NVIDIA-nın bazar dəyəri 4.3 trilyon dolları keçib
Tech-Biznes
29.07.2025
Dünya fond bazarı NVIDIA-nın bazar dəyərindəki fenomenal artımı izləməyə davam edir. 9 iyul tarixində ABŞ nəhəngi 4 trilyon dollar bazar dəyəri həddinə çatmış ilk şirkət oldu və indi isə növbəti rekord qeydə alınıb. 28 iyulda keçirilmiş ticarət sessiyasının nəticələrinə görə, NVIDIA-nın bazar dəyəri 4.3 trilyon dolları keçərək tarixdəki ən yüksək göstəriciyə çatıb. Bu nailiyyətə ABŞ-ın S&P 500 və Nasdaq indekslərinin artımı, həmçinin Trump administrasiyasının NVIDIA çiplərinin Çinə ixracını bərpa etmək qərarı sayəsində nail olunub. NVIDIA-nın səhmlərinin dəyəri 2024-cü ildə 170%-dən çox artıb və bu, 2023-cü ildəki 240%-lik artımın davamıdır.
2025-ci ilin ilk yarısında isə şirkətin dəyəri təxminən 700 milyard dollar artıb və artım tendensiyası davam edir. NVIDIA-nın baş direktoru Jensen Huang 10b5-1 qaydasına əsasən, bu yaxınlarda təxminən 38 milyon dollar dəyərində 225 000 ədəd NVIDIA səhmi satıb. 2025-ci ilin əvvəlindən bəri isə Huang ümumilikdə 1.2 milyon səhmi 190 milyon dollar məbləğində reallaşdırıb və ilin sonuna qədər 6 milyonadək səhmi satmağı planlaşdırır. Satışlara baxmayaraq, o hələ də şirkətin təxminən 3.5%-lik payı ilə ən böyük fərdi səhmdarı olaraq qalır. Sözügedən qayda (10b5-1) daxili məlumatlara əsaslanan ticarəti tənzimləyir və şirkət rəhbərlərinə və ya iri səhmdarlara səhmləri qanuni şəkildə almaq və ya satmaq imkanı yaradır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...