
NVIDIA yenidən Microsoft-u geridə qoyaraq dünyanın ən bahalı şirkətinə çevrilib
Tech-Biznes
04.06.2025
Emil
3 iyun tarixində NVIDIA yenidən bazar dəyərinə görə lider şirkətə çevrilərək Microsoft-u geridə qoyub. Şirkətin səhmləri 2.9% bahalaşaraq bir ədəd üçün 141.40$-a çatıb. Nəticədə NVIDIA-nın ümumi bazar dəyəri 3.45 trilyon dollar olub. Müqayisə üçün, Microsoft-un bazar dəyəri 3.44 trilyon dollardır. Bu, NVIDIA-nın liderliyə yüksəldiyi ilk hal deyil. Bu ilin yanvar ayında da şirkət qısa müddətlik bu mövqedə olmuşdu. Lakin bu dəfəki artım maliyyə nəticələri ilə əsaslandırılıb. 2025-ci ilin birinci rübündə NVIDIA 44.06 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 69% artım deməkdir.

Çiplərin Çinə ixracına tətbiq olunmuş məhdudiyyətlər səbəbilə 8 milyard dollar zərərə baxmayaraq, investorlar hələ də şirkətin perspektivlərinə inamlıdırlar. NVIDIA-nın rəhbəri Jensen Huang bu cür məhdudiyyətlərin beyin axınının rəqib ölkələrə yönəlməsinə səbəb ola biləcəyindən narahatlığını ifadə edib, lakin bu açıqlama şirkətin səhm qiymətlərinin artmasını dayandırmayıb. Analitiklər şirkətin gələcəyinə nikbin yanaşırlar. Məsələn, Jefferies şirkəti NVIDIA-nı əsas investisiya seçimi adlandırıb və yeni Blackwell AI çiplərinin buraxılışı ilə ümumi mənfəət marjasının 70-80%-ə qədər artacağını gözlədiklərini bildirib. NVIDIA-nın uğurlarının fonunda yarımkeçirici sənayesinin digər nəhəngləri - xüsusilə AMD və Broadcom da artım nümayiş etdirir. Bu isə bütün sektor üzrə müsbət tendensiyanın mövcud olduğunu göstərir.
Paylaş
Ən çox oxunanlar

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
