
OpenAI: "Elon Musk, xAI uğursuzluqlarını bizə qarşı məhkəmə iddiaları ilə gizlətməyə çalışır"
Tech-Biznes
03.10.2025
Emil
Son onillikdə Elon Musk OpenAI-nin inkişafında iştirak edib, lakin sonradan startapın digər təsisçiləri ilə qarşıdurmaya girib və ChatGPT-nin kommersiya uğurundan sonra keçmiş tərəfdaşlarını hər fürsətdə məhkəməyə verməyə başlayıb. OpenAI nümayəndələrinin fikrincə, bu cür taktika ümumilikdə onun öz şirkəti xAI-nin uğursuzluqlarından diqqəti yayındırmaq məqsədi daşıyır. Xatırladaq ki, avqustun sonunda xAI keçmiş əməkdaşı Xuechen Li-yə qarşı məhkəmə iddiası qaldırmışdı. Şirkət onu xAI-yə məxsus gizli işləmələri mənimsəməkdə və onları rəqib OpenAI-də peşəkar fəaliyyətində istifadə etməkdə şübhəli bilir.

Hərçənd OpenAI bu işdə cavabdeh tərəf deyil, bu həftə məsələ ilə bağlı öz mövqeyini açıqlamağı zəruri hesab edib - xüsusən də keçən həftə xAI adından OpenAI-yə qarşı yeni iddiada birbaşa ittihamlar səsləndirildiyi üçün. Bloomberg-in yazdığına görə, məhkəməyə təqdim edilmiş sənəddə OpenAI Elon Musk və onun şirkətinin fəaliyyətini süni intellekt sistemlərinin hazırlanmasında öz uğursuzluqlarını gizlətmək cəhdi kimi qiymətləndirib. “OpenAI səviyyəsində innovasiya əldə etmək imkanı olmadığı üçün xAI məhkəməyə bu əsassız kommersiya sirri oğurluğu iddiasını təqdim edib. Qeyd edirik ki, OpenAI heç kimin kommersiya sirlərinə, ən azı isə xAI-yə məxsus olanlara, öz missiyasının məqsədlərinə çatmaq üçün ehtiyac duymur” - deyə OpenAI-nin qanuni nümayəndələrinin məhkəməyə müraciətində bildirilib.

Keçən həftə xAI OpenAI-ni əməkdaşların ələ alınmasında və intellektual mülkiyyətin oğurlanmasında ittiham edib. xAI-nin versiyasına görə, OpenAI Musk-ın startapının azı 8 keçmiş əməkdaşını işə götürüb və məqsəd guya onun işləmələrinə sahib olmaq olub. OpenAI məhkəmədən Musk və onun şirkətinin bu ittihamlarla bağlı iddiasını rədd etməsini xahiş edir. OpenAI-nin qanuni nümayəndələrinin fikrincə, xAI bu addımları keçmiş əməkdaşlarını qorxutmaq üçün atır, halbuki onlar formal olaraq iş yerlərini dəyişmək və özləri üçün daha əlverişli şərtləri seçmək hüququna malikdirlər.
Paylaş