OpenAI ilə Broadcom arasında strateji əməkdaşlıq imzalanıb
Tech-Biznes
14.10.2025
Emil
OpenAI və Broadcom ümumi gücü 10 giqavatt olan OpenAI tərəfindən hazırlanmış xüsusi süni intellekt sürətləndiricilərinin yaradılması və mərhələli şəkildə tətbiqi üzrə əməkdaşlıq elan ediblər. OpenAI öz çiplərində qabaqcıl süni intellekt modellərinin yaradılması prosesində əldə etdiyi təcrübə və bilikləri birbaşa aparat səviyyəsində inteqrasiya etməyi planlaşdırır. İşlərin 2026-cı ilin ikinci yarısında başlaması, 2029-cu ilin sonuna isə başa çatması nəzərdə tutulur. Əməkdaşlıq sazişinə əsasən, OpenAI-nin süni intellekt sürətləndiriciləri və Broadcom-un şəbəkə texnologiyaları əsasında tam miqyasda genişləndirilə bilən hesablama stendləri OpenAI-yə məxsus və partnyor məlumat mərkəzlərində yerləşdiriləcək. Bu əməkdaşlıq Broadcom üçün xüsusi sürətləndiricilərin əhəmiyyətini və süni intellekt məlumat mərkəzlərində şəbəkələrin şaquli və üfüqi miqyasda genişləndirilməsi üçün Ethernet texnologiyasının seçilməsinin düzgün istiqamət olduğunu təsdiqləyir.
OpenAI-nin rəhbəri Sam Altman bildirib: “Broadcom ilə tərəfdaşlıq süni intellektin potensialını açmaq və onu insanların və bizneslərin real faydasına çevirmək üçün zəruri infrastrukturun yaradılmasında kritik addımdır. Öz sürətləndiricilərimizi inkişaf etdirmək daha geniş tərəfdaş ekosistemini tamamlayır - bu ekosistem birgə şəkildə süni intellektin imkanlarını bütün bəşəriyyətin xeyrinə genişləndirmək üçün lazım olan potensialı formalaşdırır”. “Broadcom və OpenAI arasında əməkdaşlıq ümumi süni intellektin inkişafında dönüş nöqtəsidir” - deyə Broadcom şirkətinin prezidenti və baş icraçı direktoru Hock Tan bildirib. “O vaxtdan bəri ki, ChatGPT meydana çıxıb, OpenAI süni intellekt inqilabının ön sıralarında dayanır və biz 10 giqavatt gücündə yeni nəsil sürətləndiriciləri və şəbəkə sistemlərini birgə hazırlayıb tətbiq etməyə görə məmnunuq. Bu, süni intellektin gələcəyinə gedən yolu açacaq” deyə Hock Tan bildirib.
“Broadcom ilə əməkdaşlığımız süni intellekt sahəsində irəliləyişlərin əsas hərəkətverici qüvvəsinə çevriləcək və bu texnologiyanın potensialını tam açmağa imkan verəcək. Öz çipimizi hazırlamaqla biz qabaqcıl modellərin və məhsulların yaradılması zamanı əldə etdiyimiz bilikləri birbaşa aparat səviyyəsinə inteqrasiya edə bilərik. Bu, yeni imkanlar və daha yüksək intellekt səviyyəsi deməkdir” - deyə OpenAI-nin həmtəsisçisi və prezidenti Greg Brockman qeyd edib. “OpenAI ilə tərəfdaşlığımız açıq, miqyaslana bilən və enerji baxımından səmərəli süni intellekt klasterlərinin yaradılması və tətbiqi üzrə yeni sənaye standartları müəyyənləşdirməyə davam edir. Xüsusi sürətləndiricilər standart şəbəkə həlləri ilə mükəmməl şəkildə uzlaşır. Hər bir modulda Broadcom-un Ethernet, PCIe və optik bağlantılar üzrə geniş həll portfeli birləşdirilib və bu da süni intellekt infrastrukturu sahəsində liderliyimizi bir daha təsdiqləyir” - deyə Broadcom şirkətinin yarımkeçirici həllər üzrə prezidenti Charlie Kawwas bildirib.
Keçən ayın sonunda NVIDIA növbəti 10 il ərzində OpenAI-a 100 milyard dollara qədər investisiya yatırmaq planlarını açıqlayıb. OpenAI, ümumi gücü 10 giqavatt olan və NVIDIA süni intellekt sürətləndiricilərinə əsaslanan sistemləri yerləşdirməyi planlaşdırır. Bu rəqəm elan olunduğu vaxtda təxminən 4-5 milyon qrafik prosessora bərabər idi. Oktyabr ayının əvvəlində OpenAI və AMD arasında saziş imzalanıb. Razılaşmaya əsasən, Sam Altman-ın rəhbərlik etdiyi şirkət çip istehsalçısının səhmlərinin 10%-nə qədərini əldə edə biləcək. AMD, OpenAI-ya 160 milyon adi səhm almaq hüququ verib və bu hüquqların həyata keçirilməsi müddətləri həm AMD səhmlərinin qiymətinə, həm də OpenAI tərəfindən həyata keçiriləcək yerləşdirmə həcminə bağlanıb.
Gələcək bir neçə il ərzində OpenAI öz məlumat mərkəzlərində ümumi gücü 6 giqavatt olan bir neçə nəsil AMD Instinct qrafik prosessorlarını geniş şəkildə yerləşdirəcək. OpenAI-nin həftəlik aktiv istifadəçi sayı 800 milyonu keçib və şirkət artıq qlobal korporasiyalar, kiçik bizneslər və tətbiq tərtibatçıları arasında geniş şəkildə istifadə olunur. OpenAI bildirir ki, şirkətin əsas missiyası süni intellektin bütün bəşəriyyət üçün faydalı olmasını təmin etməkdir. Bununla belə, bir çox ekspertlər hesab edirlər ki, şirkətə edilən bu miqyaslı investisiyalar süni intellekt infrastrukturu sahəsindəki bəzi sazişlərin “dövrü xarakteri” ilə bağlı narahatlıqları daha da gücləndirir.
Paylaş