Logo
    main-post-cover

    OpenAI kommersiya formatına keçmək planlarından imtina edib

    Tech-Biznes
    06.05.2025
    Emil
         Aylardır davam edən mübahisələr və hüquqi çağırışlardan, o cümlədən Elon Musk-ın iddiasından sonra OpenAI şirkəti tamamilə kommersiya formatına keçmək planlarından imtina etmək qərarına gəlib. Bunun əvəzinə, idarəetmə qeyri-kommersiya bölməsi vasitəsilə davam etdiriləcək, biznes fəaliyyəti isə İctimai Fayda Korporasiyası (PBC) statusuna keçəcək. The Verge nəşrinin məlumatına görə, OpenAI tamamilə kommersiya təşkilatına çevrilmək fikrindən daşınıb və idarəetməni qeyri-kommersiya bölməsində saxlamaq qərarına gəlib. “OpenAI qeyri-kommersiya təşkilatı kimi qurulub və bu gün də bu qurum tərəfindən idarə olunur. Bu, gələcəkdə də belə olacaq” - deyə OpenAI-nin idarə heyətinin sədri Bret Taylor bildirib.
         Qərar Kaliforniya və Delaver ştatlarının baş prokurorları ilə aparılmış məsləhətləşmələrdən sonra qəbul edilib. Xatırladaq ki, OpenAI əvvəlcə qeyri-kommersiya təşkilatı kimi yaradılmışdı, lakin sonradan daha çox investisiya cəlb etmək məqsədilə şirkətin kommersiya yönümlü formata keçid imkanını nəzərdən keçirməyə başlamışdı. Lakin 2019-cu ildə şirkət aralıq bir yol seçərək capped-profit modelinə keçdi - bu modeldə kommersiya istiqaməti qeyri-kommersiya fondunun nəzarətində qalırdı. Tam kommersiyalaşmaya doğru atılan yeni addımlar isə geniş tənqidə səbəb oldu. Narazı qalanlar arasında şirkətin ilk investorlarından biri olan Elon Musk da var. O, şirkəti ilkin missiyasından imtina etməkdə ittiham edərək məhkəməyə müraciət etmişdi.
         Onun sözlərinə görə, OpenAI-nin başlanğıc məqsədi süni zəka texnologiyalarını bütün bəşəriyyət üçün əlçatan etmək idi. Məhkəmə onun şirkətin çevrilməsinin dayandırılması ilə bağlı tələbinə rədd cavabı verib, lakin iş hələ də bağlanmayıb və 2026-cı ildə yenidən nəzərdən keçiriləcək. Elon Musk-a dəstəyi OpenAI-nin keçmiş əməkdaşları, insan hüquqları təşkilatları və hətta Nobel mükafatı laureatları göstəriblər. Onlar şirkətin transformasiyasının qarşısının alınması üçün baş prokurorlara məktublar ünvanlayıblar. Etirazlara həmçinin həmkarlar ittifaqları da qoşulub. Hələlik OpenAI-nin tam kommersiya əsasına keçid planlarından imtina etməsinin şirkətin maliyyələşməsinə necə təsir edəcəyi məlum deyil. Daha əvvəl bildirilmişdi ki, bu transformasiya baş tutmasa, şirkət cəlb etdiyi bəzi investisiyaları itirə bilər.
    Mənbə: The Verge
    Paylaş