Logo
    main-post-cover

    OpenAI restrukturizasiya mövzusunda Microsoft ilə razılığa gəlib

    Tech-Biznes
    12.09.2025
    Emil
         Dəfələrlə qeyd edildiyi kimi, hazırkı təşkilati strukturda qeyri-kommersiya fondunun dominantlığı bir çox potensial investorları narahat edirdi, çünki onlar şirkətin mənfəətini bölüşdürmək imkanlarında məhdudlaşdırılırdılar. Microsoft uzun müddət OpenAI ilə gözlənilən restrukturizasiya barədə danışıqlar aparırdı və bu həftə tərəflər ilkin razılaşmaya nail olduqlarını bildiriblər. Məlumata görə, OpenAI-in mövcud restrukturizasiya sxemi əsas qeyri-kommersiya təşkilatının qorunub saxlanılmasını nəzərdə tutur və onun payı maliyyə baxımından 100 milyard dollardan çox dəyərləndiriləcək. Nəzərə alsaq ki, OpenAI-in hazırkı kapitallaşması 500 milyard dolları keçir, bu halda əsas strukturun payı kifayət qədər böyük qalacaq.
         OpenAI nümayəndələrinin sözlərinə görə, belə bir sxem əsas qeyri-kommersiya təşkilatını dünyanın ən çox resursa malik qurumlarından birinə çevirəcək. Bununla yanaşı, şirkət bütövlükdə öz kapitalını artırmaq imkanını da qoruyub saxlayacaq. Microsoft OpenAI-a investisiya yatırmağa hələ 2019-cu ildə, ChatGPT-nin buraxılışından 3 il əvvəl başlamışdı və ümumilikdə bu startapı dəstəkləmək üçün 13 milyard dollardan çox xərcləmişdi. Dünən OpenAI Delaver və Kaliforniya ştatlarının baş prokurorları ilə sıx əməkdaşlıq edərək yeni təşkilati struktur formalaşdırdığını açıqladı. OpenAI-in direktorlar şurasının sədri Bret Taylor bildirib: “OpenAI fəaliyyətinə qeyri-kommersiya təşkilatı kimi başladı, bu gün də belədir və belə də qalacaq - bizi gələcəyə aparan nəzarəti qeyri-kommersiya strukturuna verərək”.
         Eyni zamanda OpenAI süni intellekt sahəsində sosial sahə üçün böyük əhəmiyyət kəsb edən digər təşəbbüsləri dəstəkləmək məqsədilə ümumi həcmi 50 milyard dollar olan fond üçün vəsait toplamağa başladığını elan etdi. Microsoft üçün OpenAI-in qabaqcıl həllərinə çıxışı qoruyub saxlamaq vacibdir, çünki şirkətlər arasındakı əvvəlki sazişin şərtlərinə görə müəyyən bir andan etibarən bu imkandan məhrum ola bilər. Öz növbəsində OpenAI hesablama gücündən istifadə baxımından Microsoft-dan uzaqlaşmağa və daha çox digər bulud provayderləri və tərəfdaşlara güvənməyə çalışır. Microsoft-un yeni razılaşmalar nəticəsində OpenAI-in kapitalında hansı paya sahib ola biləcəyi açıqlanmır, eləcə də şirkətlər arasında potensial yeni müqavilənin maliyyə şərtləri də açıqlanmayıb. OpenAI isə restrukturizasiyanı bu ilin sonuna qədər başa çatdırmağa ümid edir ki, onu maliyyə resursları ilə dəstəkləməyə hazır olan investorların marağını itirməsin.
    Paylaş