Logo
    main-post-cover

    OpenAI sayəsində digər şirkətlərin də dəyərləri artıb

    Tech-Biznes
    08.10.2025
    Emil
         OpenAI artıq dəfələrlə süni intellekt əsaslı məhsullarını inkişaf etdirən digər texnoloji şirkətlərlə əməkdaşlıq qabiliyyətini sübut edib. Bloomberg agentliyinin qeyd etdiyi kimi, OpenAI-nin kommersiya uğuru onun tərəfdaşlarına da müsbət təsir göstərir. Həftənin əvvəlində ChatGPT-nin yaradıcısı özünün illik tərtibatçılar konfransını keçirdi və tədbir zamanı digər ictimai şirkətlərin adlarının sadəcə bir dəfə çəkilməsi belə, onların səhmlərinin artmasına səbəb oldu. Ən diqqətçəkən nümunələr Figma (səhmlər +7.4%), HubSpot (+2.6%) və Salesforce (+2.3%) şirkətləri oldu. Turizm sektorunda fəaliyyət göstərən Expedia TripAdvisor şirkətlərinin səhmləri də azı 7% bahalaşdı, lakin onlar bu artımı birjada saxlaya bilmədilər.
         Oyuncaq istehsalçısı Mattel-in səhmləri təxminən 6% yüksəldi, amma ticarət gününün sonuna doğru bu artım da tamamilə geri çəkildi. Bu şirkətlərin əksəriyyəti ChatGPT-yə inteqrasiya olunacaq tətbiqlərin tərəfdaşı kimi təqdim edilib. Platformanın həftəlik auditoriyası artıq 800 milyon nəfərə çatıb. Daha ciddi əməkdaşlıq isə OpenAI ilə AMD arasında baş tutub - AMD-nin səhmləri 24% bahalaşıb, şirkətin bazar dəyəri isə 63 milyard dollar artıb. Analitiklər oxşar effekti daha əvvəl NVIDIA şirkətində də müşahidə etmişdilər: onun baş direktoru Jensen Huang GTC konfransında yeni tərəfdaşlardan bəhs etdikdə, həmin şirkətlərin səhmləri də yüksəlmişdi.
         Bu, Synopsys, Cadence Ansys kimi şirkətlərin qiymətli kağızlarında da baş verdi - onların hamısı öz məhsullarına süni intellekt funksiyalarını əlavə etmək üçün yeni Blackwell prosessor seriyasını istifadə etməyə hazır olduqlarını bildirmişdilər. Təxminən 500 milyard dollarlıq dəyərlə OpenAI bu yaxınlarda dünyanın ən böyük startapı statusunu qazanıb. Analitiklərin fikrincə, bu qədər böyük maliyyə göstəriciləri investorların həddindən artıq eyforiya içində olduğunu göstərə bilər. Süni intellekt boom-u getdikcə dotcom balonu ilə müqayisə olunur. Digər şirkətlərin səhmlərinə bu qədər güclü təsir göstəriləcəyini OpenAI-nin baş direktoru Sam Altman özü də gözləmirmiş: “Qəribə şeylər baş verməyə başlayıb. Biz bu yeni dünyaya necə uyğunlaşacağımızı anlamağa çalışırıq, amma bu, doğrudan da qəribədir” - deyə o, etiraf edib.
    Paylaş