Logo
    main-post-cover

    OpenAI və AMD arasında çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalanıb

    Tech-Biznes
    06.10.2025
    Emil
         OpenAI çip istehsalçısı AMD ilə çoxmilyardlı tərəfdaşlıq müqaviləsi imzalayıb. Şirkət öz məlumat mərkəzləri üçün AMD-dən prosessorlar alacaq və çip istehsalçısının səhmlərindən bir paket əldə edəcək. Süni intellekt üçün çip bazarı sürətlə dəyişməkdə davam edir. NVIDIA Intel arasında bir müddət əvvəl baş tutmuş tərəfdaşlıqdan sonra indi də böyük razılaşma OpenAI və AMD arasında bağlanıb. OpenAI, ümumi gücü 6 giqavatt olan AMD çipləri sifariş edib. Bu, Xorvatiya kimi bir ölkənin hazırkı enerji istehlakından azı 60% çoxdur. Tədarüklər gələn ildən başlayacaq və MI450 prosessorları ilə start veriləcək.
         Maliyyə tərəfi isə müqavilənin ən maraqlı hissəsidir. AMD dəqiq məbləği açıqlamasa da, “hər giqavatt 10 milyardlarla dollar dəyərindədir” deyə bildirib. Minimum hesabla bir giqavatt üçün 10 milyard dollar götürülsə, ümumi məbləğ təxminən 60 milyard dollar edir. Lakin bu, hələ hamısı deyil. OpenAI həmçinin AMD səhmlərinin 10%-ni - təxminən 160 milyon səhm - almaq hüququ qazanıb. Qiymət isə olduqca rəmzidir: hər səhm üçün cəmi 1 sent. Amma bir şərt var - OpenAI çiplərin tətbiq planını vaxtında yerinə yetirməlidir. Bu hadisə AMD üçün əsl irəliləyiş sayılır. Şirkətin baş direktoru Lisa Su açıq şəkildə yaxın 5 il ərzində 10 milyardlarla gəlirdən danışır.
         İnvestorlar da bu perspektivi yüksək qiymətləndiriblər - AMD səhmləri dərhal 20% artıb. Eyni zamanda OpenAI konkret bir problemi həll edir. Süni intellekt hesablama tələbatı yeni güc mərkəzlərinin yaranma sürətindən daha tez artır. AMD çipləri ChatGPT və digər xidmətlərə yönələn sorğular selinin öhdəsindən gəlməyə kömək etməlidir. Maraqlıdır ki, bu, son vaxtlar sənayedə baş tutmuş ikinci böyük müqavilədir. Cəmi 1 ay əvvəl NVIDIA və Intel tərəfdaşlıq elan etmişdilər, lakin onun miqyası daha kiçik idi - söhbət 5 milyard dollarlıq səhmdən gedirdi. İlk tədarüklərin 2026-cı ilin ikinci yarısında başlanacağı gözlənilir. Sam Altman etiraf edir ki, sənaye artıq elə bir mərhələyə çatıb ki, əməkdaşlıq rəqabətdən daha sərfəlidir - xüsusilə də hamının çatışmazlıqda olan çiplərin arxasınca düşdüyü bir zamanda.
    Paylaş