
Pavel Durov Fransa hökuməti tərəfindən ona qarşı sürülmüş ittihamları absurd hesab edir
Tech-Biznes
11.06.2025
Emil
Telegram-ın təsisçisi Pavel Durov Fransa hüquq-mühafizə orqanlarının ona qarşı irəli sürdükləri ittihamları absurd hesab edir. O, amerikalı jurnalist Tucker Carlson-a verdiyi müsahibədə bildirib ki, hələ də Fransada nədə ittiham olunduğunu anlamır. “Əvvəl dedilər ki, guya biz hüquqi sorğulara cavab verməmişik, amma bu, doğru deyil. Hətta belə olsa belə, ‘şəriklik’ anlayışının bu şəkildə izahı son dərəcə süni görünür. Vəkillər deyir ki, bu cür hadisələr demək olar ki, yoxdur” - deyə Durov bildirib. Telegram-ın təsisçisi ona qarşı irəli sürülən və 1 milyard istifadəçi arasında Telegram-da qeyri-qanuni fəaliyyətlə məşğul olanların tapıldığı və onun buna mane olmadığı iddiasını da absurd adlandırıb.

“Bu, 350 milyon amerikalıdan kimsə cinayət törətdiyinə görə Donald Trump-ın həbs olunması və ya Tuluzada baş verən bir soyğunçuluğa görə Macron-un həbs edilməsi kimidir. Bu, absurddur” - deyə Durov bildirib. Pavel Durov 2024-cü ilin avqustunda Parisdəki Le-Burje hava limanında saxlanılıb və 5 milyon avro girov qarşılığında Fransanı tərk etməmək şərti ilə azadlığa buraxılıb. Tucker Carlson-un qeyd etdiyinə görə, hazırda Durov faktiki olaraq ev dustaqlığındadır.
Buna səbəb isə messencerdəki məzmunun kifayət qədər moderasiya olunmaması və hakimiyyətlə əməkdaşlıqdan yayınmaqla bağlı irəli sürülən ittihamlarla əlaqədar aparılan araşdırmadır. Səfər məhdudiyyətlərinə görə Durov Fransada yaşamağa məcburdur. “Məni Dubaya buraxdılar, bu yaxınlarda geri qayıtdım və bu həftə yenidən oraya gedəcəyəm. Amma bu, çox məhdud və nəzarət olunan bir prosesdir” - deyə Durov bildirib. Məhkəmənin qoyduğu qadağaya görə o, may ayında ABŞ-a investisiya fondları ilə danışıqlara və Osloda keçirilmiş “Azadlıq Forumu”na gedə bilməyib.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
