Logo
    main-post-cover

    Pavel Durov Telegram-ı heç zaman satmayacağını bildirib

    Tech-Biznes
    20.06.2025
    Emil
          Telegram-ın yaradıcısı Pavel Durov Fransanın Le Point jurnalına verdiyi müsahibədə ona qarşı Fransada irəli sürülən ittihamları absurd adlandırıb və qeyd edib ki, söz azadlığı və platforma neytrallığı prinsiplərinə sadiqdir. Pavel Durov bu ittihamların əsassız olduğunu düşünür, çünki heç bir sübut təqdim olunmayıb. Fransız hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina ittihamını isə yalan adlandırıb, çünki fransız polisi beynəlxalq prosedura düzgün şəkildə əməl etməyib.
         Durov bildirib ki, ölkədən çıxışına qoyulan qadağa səbəbindən ciddi səhhət problemi olan valideynlərini ziyarət edə bilmir, eyni zamanda yeni doğulmuş oğlunu da görə bilmir. Bundan əlavə, Durov-un Dubayda internat məktəbində təhsil alan yeniyetmə yaşda bir oğlu da var və o, yaxın zamanda qolunu sındırıb. Bu vəziyyətdə atasının dəstəyi onun üçün çox vacib olardı, lakin Durov bu qadağa səbəbindən həmin dəstəyi göstərə bilmir. Pavel Durov vurğulayıb ki, Telegram heç vaxt satılmayacaq. Hələ 2017-ci ildə Google ona bu mesajlaşma platforması üçün 1 milyard dollar təklif etmişdi, lakin o bu təklifi rədd etmişdi.
         “Bir an belə tərəddüd etmədim. Bu, qiymət məsələsi deyil. Telegram sadəcə olaraq satılmır. Çünki Telegram bir mal deyil - bu, bir layihədir. Bir ideyadır. İstifadəçilərə verilmiş müstəqillik, məxfilik və azadlıq vədidir. Əgər biz onu satsaq, bu vədi tapdalamış olarıq. Bu isə mümkün deyil, mən bunu heç vaxt etmərəm” - deyə platformanın yaradıcısı bildirib. Telegram-ın müstəqilliyini təmin etmək üçün Durov onun yeganə səhmdarı olaraq qalır. “Telegram-ın tam müstəqilliyini təmin etməyin yeganə yolu budur. Mən VKontakte təcrübəsindən dərs çıxardım. Nə vaxt ki, nəzarəti başqaları ilə bölüşürsən, azadlığını itirirsən” - deyə Durov qeyd edib. Onun ölüm halında isə platformanın idarəçiliyi qeyri-kommersiya fonduna keçəcək. 
    Paylaş