Rusiya dronlarındakı çiplərə etiraz Nvidia rəhbərinin çıxışını kəsdi
Tech-Biznes
21.10.2026
“Nvidia” şirkətinin baş direktoru Jensen Huangın 21 oktyabrda Berlində keçirilən “GTC” çıxışı etirazçılar tərəfindən dayandırılıb. Çıxış başlayandan bir neçə dəqiqə sonra zaldakı fəallar Rusiyanın dronlarında şirkətin çiplərinin tapılması ilə bağlı Huangdan cavab istəyiblər. Onlar “Nvidia”nı ətraf mühitə zərər vurmaqda da günahlandırıblar. Aksiyanı “Greenpeace”in təşkil etdiyi ehtimal olunur.
Hadisə “Nvidia”nın canlı yayımında tam görünməyib. Ancaq iştirakçıların çəkdiyi videolarda fəalların stulların üstünə çıxıb böyük plakat açdığı görünür. “Greenpeace” loqolu plakatda “Nvidia, çirkli biznesini təmizlə!” sözləri yazılıb. Təhlükəsizlik əməkdaşları etirazçıları zaldan çıxararkən Huang onlarla sərt davranmamağı istəyib. O, fəallarla daha sonra danışacağını deyib və çıxışına davam edib.
Etirazın əsas səbəbi “Jetson” çiplərinin Rusiyanın Ukraynaya qarşı işlətdiyi qanadlı raketlərdə və süni intellektlə idarə olunan dronlarda aşkarlanmasıdır. Məlumata görə, Rusiyanın S-71 “Monochrome” silahında adi istifadəçilər üçün hazırlanmış “Jetson Orin” modulu var. Bu sistem operatorun müdaxiləsi olmadan hədəfi özü seçə bilir. Beləliklə, silah müstəqil şəkildə işləyir.
“Nvidia” daha əvvəl açıqlamışdı ki, “Jetson Orin” modulları tələbələr, proqramçılar və yeni şirkətlər üçün hazırlanmış istehlakçı məhsullarıdır. Şirkət bu çiplərin Rusiyada satılmadığını və hərbi məqsədlər üçün hazırlanmadığını vurğulayıb. Bununla belə, “Nvidia” satıldıqdan sonra ikinci əl bazarına çıxan modulların hara getdiyini izləyə bilmədiyini qəbul edib.
Avqustda yayılan məlumatda Rusiyaya məxsus süni intellektli dronun Ukraynada 3 mülki şəxsin öldürdüyü bildirilmişdi. Bu hadisə hədəfi tam müstəqil seçən Rusiya dronunun mülki şəxslərin ölümünə səbəb olduğu ilk sənədləşdirilmiş hal sayılır. Dron qalıqlarının görüntüləri onların içində “Jetson Orin” modullarının olduğunu təsdiqləyib. Berlindəki “GTC” tədbiri 3 gün davam edir və 20, 21, 22 oktyabr tarixlərini əhatə edir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...