
Sığorta şirkətləri OpenAI və Anthropic ilə işləməkdən imtina ediblər
Tech-Biznes
08.10.2025
Emil
OpenAI və Anthropic öz bizneslərini məhkəmə iddiaları ilə bağlı potensial itkilərdən sığortalamağa çalışarkən problemlərlə üzləşiblər. Bu səbəbdən şirkətlər sığorta şirkətlərinin süni intellektlə əlaqəli risklər üçün kompleks sığorta təmin etməkdən imtina etmələri fonunda çoxmilyardlı iddiaları həll etmək üçün investor vəsaitlərindən istifadə imkanını nəzərdən keçirirlər. Məlumata görə, OpenAI və Anthropic biznes sığortası müqavilələrinə malikdirlər, lakin sığorta mütəxəssisləri bildiriblər ki, süni intellekt modelləri yaradan şirkətlər üçün gələcəkdə üzləşə biləcəkləri potensial itkiləri tam şəkildə kompensasiya edəcək qoruma təmin etmək çətin olacaq. OpenAI dünyanın ikinci ən böyük sığorta brokeri olan Aon ilə müqavilə imzalayıb və süni intellektlə əlaqəli yeni risklər üçün 300 milyon dollara qədər sığorta təminatı əldə edib. Digər mənbələrə görə isə sığorta məbləği əslində bundan xeyli azdır.

Hər halda bu məbləğ çoxmilyardlı məhkəmə iddialarından doğa biləcək potensial itkiləri qarşılayacaq səviyyədə deyil. “Hazırda bizdə süni intellekt modelləri təchizatçıları üçün kifayət qədər imkanlar yoxdur” - deyə Aon şirkətinin kiberrisklər şöbəsinin rəhbəri Kevin Kalinich sığorta sektorunu ümumi mənada nəzərdə tutaraq bildirib. Onun sözlərinə görə, sığorta şirkətləri “əgər süni intellekt təchizatçısı elə bir səhv edərsə ki, bu, nəticədə sistemli, əlaqəli və ümumi riskə gətirib çıxaracaq, bu halda ödəniş etmək imkanına malik deyillər”. Sığorta sənayesinin süni intellekt şirkətləri üçün kompleks sığorta təminatı təqdim etmək istəməməsinin səbəbi bu bazarda iştirakçıların üzləşə biləcəkləri iddiaların misilsiz miqyasda olmasıdır. Risklərin artmasının bir digər səbəbi də son dövrlərdə böyük ABŞ şirkətlərinə qarşı çox yüksək məbləğdə kompensasiya tələbi ilə qaldırılan və “nüvə hökmləri (nuclear verdicts)” adlanan iddiaların sayının çoxalmasıdır.

Hazırda OpenAI şirkəti The New York Times qəzeti və bir sıra müəlliflər tərəfindən müəllif hüquqlarının pozulmasında ittiham olunur. Onlar şirkəti öz razılıqları olmadan kontentlərindən süni intellekt modellərinin öyrədilməsi üçün istifadə etməkdə günahlandırırlar. Bundan əlavə, şirkətə qarşı 16 yaşlı bir gəncin intiharından sonra onun valideynləri tərəfindən ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma ittihamı da irəli sürülüb. İddiaçılar bildiriblər ki, oğulları bu qərara ChatGPT ilə apardığı söhbətlərdən sonra gəlib. The Financial Times-ın mənbələrinin məlumatına görə, OpenAI “özünü sığortalama” (self-insurance) variantını - yəni sığorta təminatını genişləndirmək üçün investor maliyyəsindən imtina etmə seçimini - nəzərdən keçirir.

Bu günə qədər şirkət təxminən 60 milyard dollar investisiya cəlb edib. Mənbələrdən biri bildirib ki, OpenAI yaranan risklərin idarə olunması ilə məşğul olacaq xüsusi bir kaptiv şirkət (captives company) yaratmaq imkanını müzakirə edib. Microsoft, Meta və Google kimi texnoloji nəhənglər də oxşar kaptiv şirkətlərdən istifadə edirlər - bu şirkətlər internetlə bağlı öhdəlikləri, məsələn, kibertəhdidlər və ya sosial şəbəkələrdə yaranan problemlər zamanı riskləri qarşılamaq üçün nəzərdə tutulur. Ötən ay Anthropic müəlliflər qrupunun kollektiv iddiasını həll etmək üçün 1.5 milyard dollar ödəməyə razılaşıb. Müəlliflər şirkəti kitabların pirat nüsxələrindən süni intellekt modellərinin təlimində istifadə etməkdə ittiham etmişdilər. Mənbələrin sözlərinə görə, Anthropic bu iddianın ödənilməsini qismən öz daxili maliyyə vəsaitləri hesabına həyata keçirir.
Paylaş